Vardanyanın bankı "Bank of Georgia"ya satıldı
"Bank of Georgia Group" separatçı erməni milyarder Ruben Vardanyana məxsus "Ameriabank" QSC-ni satın alıb. Trend bu barədə erməni KİV-inə istinadən xəbər verir.
Məlumata görə, "Bank of Georgia Group" "Ameriabank" QSC-ni 303,6 milyon ABŞ dollarına satın alıb.
"Ameriabank" QSC-nin mətbuat xidməti bildirib ki, yekun razılaşma imzalandıqdan sonra sözügedən bank hazırki menecment ilə "Bank of Georgia Group"un tərkibində fəaliyyət göstərməyə davam edəcək.
Qeyd edək ki, hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.