Misir İsrailə qarşı 51 il əvvəlki müharibə ilə bağlı məxfi sənədləri açıqladı - Təl-Əvivə müharibə mesajı?..
Qahirədə dünyanın 4 aydan artıqdır ki, qapalı vəziyyətdə olduğu Qəzza üçün atəşkəs və məhbus mübadiləsi danışıqları davam etdiyi bir vaxtda, Misir 51 il əvvəl İsrailə qarşı vuruşduğu Yom Kippur müharibəsi ilə bağlı "nadir" sənədləri dərc etdi. Sənədlər İsrailin geri çəkilməsinə dair təfərrüatları ehtiva edir.
Son günlər İsrailin Rəfaha hücum edəcəyi təqdirdə sülh müqaviləsinin pozulacağına dair iddialar ortaya atılıb. Belə bir vaxtda Misirin kritik müharibə ilə bağlı gizli sənədlərin dərc etməsi diqqət çəkir.
Misir Müdafiə Nazirliyinin saytında dərc olunan “1973-cü il oktyabr müharibəsinin sənədləri, müharibənin sirləri” başlıqlı sənədlər İsrailin Misirin şərqindəki Sinayı işğal etməsi ilə nəticələnən 1967-ci il müharibəsindən bu yana hərbi strateji planlaşdırmaya qədər “müharibənin sirləri”nə işıq salır.
Sənədlər 1973-cü il müharibəsinin atəşkəsə aparan mərhələlər boyu idarə olunması, İsrail qüvvələrinin geri çəkilməsi, medianın, beynəlxalq və regional təşkilatların rolunu açıqlayıb.
Nasir Ali Hərbi Akademiyanın müşaviri general-mayor Adil əl-Umdə mövzu ilə bağlı "El-Yevm Es-Sabi” qəzetinə, yayımlanan sənədlərin 1973-cü il müharibə dövrünü və bu müharibəyə hazırlıqları göstərmək baxımından əhəmiyyətli qeydlər olduğunu deyib. Yayımlanan sənədlərin "baş verənləri xatırlamağa və başqalarına xatırlatmağa imkan verdiyini" deyən general Umdə, sənədlərin Misir ordusunun o dövrdəki şərtlərə baxmayaraq, lazım olanı əldə etdiyini dünyaya göstərdiyini və ölkənin hərbi gücünün daha yaxşı olduğunu və hər zaman lazım olanı edə biləcəyi mesajını verdiyini deyib.
Qeyd edək ki, 6 oktyabr 1973-cü ildə Misir və Suriyanın İsrailə qarşı başlatdığı Yom Kippur müharibəsi İsrail və ərəb ölkələrinin indiyə qədər üz-üzə gəldiyi son müharibə olub. Müharibəyə, yəhudilərin ən müqəddəs günü olan Yom Kippurda (Kəffarə günü) başladığı üçün bu ad verilib.
Müharibənin məqsədi 1967-ci ildə işğal etdiyi Qolan təpələrini və Sinay yarımadasını İsraildən geri almaq olub. Lakin İsrailin Suriyaya nisbətən daha təkmil tanklara sahib olması və Misirin müharibənin ikinci həftəsindəki səhv addımları səbəbindən Qahirə və Dəməşq hədəflədikləri nəticəni böyük ölçüdə ala bilməyiblər.
ABŞ-ın vasitəçiliyi ilə 1974-cü il yanvarın 18-də Misir və İsrail arasında İsrailə qoşunlarını Süveyş kanalının qərbinə, eləcə də Sinaydan müəyyən qədər geri çəkməsinə icazə verən müqavilə imzalanıb.
Təl-Əviv və Dəməşq arasında 5 iyun 1974-cü ildə qoşunların geri çəkilməsi haqqında saziş imzalanıb. Bu müqavilə ilə İsrail 1967-ci ildə işğal etdiyi Qolan Təpələrində qalmağa davam edib, müharibə zamanı ələ keçirdiyi Suriya ərazisindən çəkilməyə razı olub.
Tahir TAĞIYEV