Fransa, Afina və Yunan Kipri Qarabağda tarix yazan Türk PUA-larını həzm edə bilmirlər - Kiyevə "Bayraktar" qadağası(?)...
"Bayraktar TB2" döyüş pilotsuz aparatlarının Qarabağda Azərbaycanın əldə etdiyi qələbədəki rolu Türkiyə PUA-larını dünyanın bir çox böhran bölgələrində ön plana çıxardı.
Türk İHA və SİHA-ların bu uğurundan sonra bir çox ölkə bu silahları almaq üçün sıraya girdi, Türkiyə və Azərbaycan düşməni bəzi ölkələr isə bundan narahat olmağa başlayıb. Bu günlərdə Yunanıstanın "Kathimerini" nəşri yazıb ki, belə ölkələrdən olan Fransa, Yunanıstan və Cənubi Kipr TB2-nin satışının qarşısını almaq üçün hərəkətə keçib.
Ukrayna rəhbərliyinin "Bayraktar" pilotsuz uçuş aparatları almaq planının Yunanıstan, Cənubi Kipr və Fransa tərəfindən əngəlləndiyi iddia edilib. Qəzet yazır ki, məsələ ötən həftə keçirilən Avropa İttifaqı Siyasət və Təhlükəsizlik Komitəsinin iclasında gündəmə gətirilib. İddiaya görə, Yunanıstan və Cənubi Kipr diplomatları Kiyevin Bayraktar istehsalçısı Baykardan böyük bir sifariş verməyə hazırlaşdığını və bu sifarişin AB-dən alınacaq pulla maliyyələşdiriləcəyini gündəmə gətiriblər.
Qeyd edilir ki, bu ölkələr Avropa İttifaqının (Aİ) vəsaiti ilə Türkiyədən alınaraq Ukraynaya veriləcək "Bayraktar" pilotsuz uçuş aparatları və top mərmilərinin alınmasına veto qoyub.
"Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün Aİ fondları tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan Türkiyədən böyük bir sifariş hazırlandığına dair uzun müddətdir işarələr var" deyən yunan qəzeti, Fransa və Yunan Kiprinin buna qarşı çıxdığını bildirib. Qəzet Afinanın da bu iki ölkəni dəstəklədiyini yazıb.
Brüsseldən olan diplomatik mənbə Yunanıstanın və Cənubi Kiprin Aİ-dəki daimi nümayəndəliklərinin bir müddətdir ki, məsələ üzərində işlədiyini bildirib.
Qəzetə adının açıqlanmasını istəməyən mənbə Fransanın bu addımını “öz silah sistemləri ilə rəqabət aparan silah sistemlərinə pəncərə açmaq istəmədikləri” kimi dəyərləndirib.
Qəzet "Bayraktar" pilotsuz təyyarələrinin AB-nin dəstəyi ilə maliyyələşdiriləcəyi təsdiqləndikdən sonra prosesin Yunanıstan, Cənubi Kipr və Fransa tərəfindən dayandırıldığını yazıb.
Tahir TAĞIYEV