Qarabağ Universitetinə Prezidentin 10 milyon dəstəyi hələ başlanğıcdır...
İlqar Orucov: “Qarabağ Universitetinə 10 milyon manat vəsaitin ayrılması bu ali məktəbin…”
Prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb.
Qarabağ Universitetinə Prezidentin 10 milyon manat ayırmasını necə dəyərləndirmək olar?
“…Təqdirəlayiq haldır”
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə “Bu həcmdə vəsaitin ayrılması təqdirəlayiq haldır. Təbii ki, Qarabağ Universitetinin fəaliyyətinin effektiv qurulması, bütövlükdə Qarabağda, Xankəndidə ali təhsil infrastrukturunun qurulması, əlbəttə, hər birimizin ürəyindəndir. Cənab Prezidentə işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturunun qurulmasına bu qədər önəm verdiyinə görə təşəkkür edirəm. Çünki hesab edirəm ki, Qarabağ Universiteti bölgənin, tarixi Xankəndi şəhərinin, eyni zamanda ona bitişik şəhərlərin təhsilinin bir aynası olacaq. Biz universitet quruculuğu ilə bağlı istəklərimizi məhz orada gerçəkləşdirə biləcəyik. Düşünürəm ki, həm də bunun fərqli bir mənası, əhəmiyyəti var. Biz o torpaqlara qayıdırıq, o torpaqlara qayıdışımız sadəcə olaraq əşyalarımızı götürüb qayıtmaqla bağlı deyil, biz o torpaqlarda beyinlər, Xankəndidə Azərbaycan üçün faydalı, bilikli insanlar yetişdiririk . Biz həm də Xankəndiyə bilik, təhsil, elm mərkəzi kimi baxırıq. Biz o şəhərləri, yeni yaşayış məntəqələrini tikərkən yeni texnologiyalardan istifadə olunur. “Ağıllı şəhər”lər, kəndlər, qəsəbələr qurulur. “Ağıllı” dediyimiz nəsnənin mahiyyətində, təbii ki, təhsil dayanır, elm, texnologiya dayanır”-deyə bildirdi.
30 il əvvəl o torpaqların işğal olunduğunu və ermənilərin ora barmarlıqla gəldiyini deyən İ.Orucov qeyd etdi ki, Şuşada olanda bunun təzahürlərini görüb. O qeyd etdi ki, ermənilər orada bir abadlaşdırma işi görməyib, bir təhsil müəssisəsi tikməyib, çünki onlar bu torpaqların, şəhərlərin onlara aid olmadığını bilirdilər, onlar bizim bölgəyə gəlmə olduqlarını anlayırdılar.
“Azərbaycanlılar öz tarixi torpaqlarına necə qayıdırlar? Bu qayıdışın əsasında nə dayanır? Kəndlərin, şəhərlərin, qəsəbələrin ən müasir şəkildə qurulması, o ərazilərə təhsil mühiti gətirmək, təhsillə bərabər yeni nəfəs gətirmək dayanır”.
İ.Orucov qeyd etdu ki, biz gələcəkdə yalnız qurulan kəndlərlə, şəhərlərlə öyünməyəcəyik, həm də azad ərazilərdə qurulan təhsil müəssisələri ilə fəxr edəcəyik. “Qarabağ Universitetinə 10 milyon manat vəsaitin ayrılması bu ali məktəbin ən müasir səviyyədə qurulmasına yönələcək. Məqsəd də bütövlükdə Qarabağ Universitetini infrastruktur baxımından inkişaf etdirmək, onu qurmaqdır”-deyə bildirən İ.Orucov əlavə etdi ki, Qarabağ İniversitetinin gələcəyi çox işıqlıdır və bir elm, təhsil mərkəzi kimi özünü göstərəcək.
İradə SARIYEVA