Hərbi sənayemizin inkişafında yeni dövrə başladıq...
Azad İsazadə: “...İkinci mərhələdə müasir hərbi texnologiyalardan danışa bilərik”
“Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq. Necə ki, siyasi sahədə, iqtisadi sahədə bizim xarici təsirə məruz qalma şansımız sıfra bərabərdir, çünki biz müstəqil siyasət aparırıq”.
Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Prezident hərbi sənayenin inkişafının ikinci mərhələsindən danışdı və qarşıda duran işləri, hədəfləri bəyan etdi.
“Azərbaycan hərbi sənayesi o səviyyəyə çatıb ki...”
Hərbi ekspert Azad İsazadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, mərhələ şərti anlayışdır. “Mərhələ bizə inkişafı göstərir. Sözsüz ki, sıfırdan qurulmuş hərbi sənaye ilk dövrlər bizdə olan silahın təmiri ilə məşğul olub. Söhbət keçən əsrin 90-cı illərindən 2000-ci illərə qədər olan dövrdən gedir. Təxminən 2005-ci ildən sonra biz silahları daha çox özümüz istehsal etməyə başladıq. Deməli, söhbət artıq təmirdən yox, istehsaldan gedirdi. Tam olmasa da, sursat baxımından biz özümüzü kifayət qədər təmin etməyə başladıq. İstər dronlar, istər avtomat üçün patronlar və sairə. Yəqin ki, biz elan olunan ikinci mərhələdə müasir hərbi texnologiyalardan danışa bilərik. Hansısa formada İsraillə birgə dron buraxırıq, “Bayrakdar”la birlikdə “Bayrakdar”ları istehsal etməyi planlaşdırmışıq. Amma bunlar birgə istehsaldır. Yəqin Azərbaycan hərbi sənayesi o səviyyəyə çatıb ki, öz texnologiyaları ilə müstəqil şəkildə yavaş-yavaş inkişaf edə bilər. Nou-hau adlı bir termin var. Vaxtilə nou-hau kimi “İstiqlal” snayper tüfəngi doğrudan da dünya bazarında öz yerini tapdı. Çünki bu tipli silahı nadir halda ayrı-ayrı ölkələr buraxırdı. “İstiqlal” onların arasında çox qiymətli bir yer tutub. Azərbaycanın bu tipli müstəqil texnologiyalarının inkişafı ilə ikinci mərhələdə qarşılaşacağıq. Bu bir prosesdir, çay kimi axıb gedir. Azərbaycanın hərbi sənayesinin yeni dövrü başlayıb və biz böyük inkişafın şahidi olacağıq” - deyə A.İsazadə bildirdi.
A.İsazadə Azərbaycanın hərbi sənayesinin yeni dövrünü təqdir edir və bunun perspektivli olacağına inanır. O hesab edir ki, Azərbaycanın hərbi sənayesi yeni dövrdə daha mükəmməl qurulacaq və bunu qurmaqdan başqa da variantımız yoxdur: “Bizim hərbi sənayesimizi gücləndirməkdən başqa variantımız yoxdur. Başlanan mərhələdə biz daha çox yeniliklərə nail olmalıyıq. Çünki bu vacibdir. Ukraynada gedən müharibə göstərdi ki, Ukrayna necə xaricdən gələn silah və sursatdan asılıdır. Biz özümüz özümüzü təmin etməliyik. Dostlarımız bizə silah-sursat göndərsələr, bizə kömək etsələr çox yaxşı, çox sağ olsunlar, amma bizm hansısa mərhələdə özümüzü tam təmin etmək imkanımız olmalıdır” - deyə A.İsazadə qeyd etdi.
İradə SARIYEVA