Bakı nəqliyyatında 1000 avtobusu dəyişdirmək asan iş deyil - AYNA sədri nəyə güvənir?..
Elxan Əliyev: “Avtobus parkının köhnə olması sərnişinlər üçün ən böyük təhlükədir”
2024-cü olsa da, hələ də paytaxtda köhnə və yararsız vəziyyətdə olan avtobuslara rast gəlirik. Daha çox qəsəbə və kəndlərdə təsadüf olunan bu cür ictimai nəqliyyat vasitələri istər tutumu, istərsə də texniki baxımdan sərişinləri narahat edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev media nümayəndələrinə açıqlamasında deyib ki, hazırda Bakıda iki min avtobus fəaliyyət göstərir ki, bunun da ən azı 50 faizi dəyişməlidir: “Marşrutların sayları və marşrutların özünün yaradılması meyarları tarix boyu o qədər də uğurlu olmayıb. Nəticə etibarı ilə dayanacaqlara çoxsaylı avtobusların daxil olmasını və sıxlığın əmələ gəlməsini müşahidə edirik. Biz yanaşmanı bir az dəyişdirdik, təhlilləri orta göstəriciyə görə deyil, pik saatların göstəricilərinə görə apardıq. Ancaq pik saatlarda müəyyən dəyişikliklər etməyimizə baxmayaraq, bu hələdə yetərli deyil”.
Qeyd etdiyimiz kimi, bu gün şəhərdə hərəkət edən daşıyıcılar arasında istismara yararsız vəziyyətdə olanlar da var. Maraqlıdır, bu problem necə həll olunmalıdır?
“Nəinki paytaxtın qəsəbə və kəndlərində, həmçinin Azərbaycanın digər şəhərlərində belə müasir təhlükəsizlik tələblərinə cavab verməyən avtobuslar istismar olunur”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, nəinki paytaxtın qəsəbə və kəndlərində, həmçinin Azərbaycanın digər şəhərlərində belə müasir təhlükəsizlik tələblərinə cavab verməyən avtobuslar istismar olunur: “Xəttə buraxılan avtobusların vəziyyətindən hər kəs xəbərdardır. Yaxşı olardı ki, yaxın vaxtlarda həmin avtobusların dəyişdirilməsi ilə bağlı əməli addımlar atılsın. Elə bunun vasitəsilə də, vətəndaşların təhlükəsiz daşınması həyata keçirilə bilər. Minik avtomobilindən fərqli olaraq avtobuslar onlarla sərnişin daşıyır və onların təhlükəsizliyinin yaxşı təmin olunması, kiçik bir səhvin buraxılmaması arzuolunandır. Azərbaycanda ictimai nəqliyyat tam formalaşmadığı və uzun illərdir hələ də köhnə avtobusların ümidinə qaldığımız üçün bu sahədə tam irəliləyiş əldə etmək mümkün olmayıb. Düzdür, son illər ölkə rəhbərliyinin göstərişi ilə Bakıya yeni avtobusların gətirilməsi ictimai nəqliyyatın yaxşılaşdırılması üçün atılan addımlardır. Amma bu, Bakı şəhərinin nəqliyyat yükünü tam həll etməyib. Hazırda daşıyıcı şirkətlər də avtobus parklarını yeniləyir, amma yenə də köhnə avtobuslar qalmaqdadır. Köhnə avtobuslarda oturacaqların vəziyyəti, sürücülərin kobud davranışı və digər neqativ hallar müşahidə edilməkdədir. Ümumilikdə avtobus parkının köhnə olması sərnişinlər üçün ən böyük təhlükədir. Avtobus nə qədər köhnədirsə, orada risq daha yüksəkdir. Avtobuslarda nasazlıqdan yaranan hadisələr, yanğın, əyləc sisteminin qaydasında olmaması və sair. Yəqin ki, çoxlarımız sərnişin avtobusunun hərəkətdə olarkən yana əyilməsinin şahidi olub. Bu cür avtobusların xəttə buraxılması qadağan edilməlidir”.
Günel CƏLİLOVA