Son üç ilin şəhid ailələrinə və müharibə əlillərinin hamısına mənzil veriləcək - başladı...
Vüqar Bayramov: “Mərhələli şəkildə bütün şəhid ailələri və müharibə iştirakçıları mənzillə təmin olunacaq”
Azərbaycan dövləti şəhid ailələrinin və qazilərin, Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, sosial rifah halının yüksəldilməsi üçün mütəmadi olaraq mühüm addımlar atır.
Bu sahədə görülən işlərdən biri də 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin evlə təmin olunmasıdır. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
“Bu vaxta qədər 14 800 şəhid ailəsi və qazi evlə təmin olunub, bu proses bu il və gələn il də davam edəcək”
Sərəncamın əhəmiyyəti haqqında fikir bildirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısının daha da artırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Hazırda Azərbaycanda şəhid ailələrinin üzvləri üçün 20 birbaşa və təşviqedici dəstək mexanizmi icra olunur. Mərhələli şəkildə bütün şəhid ailələri və müharibə iştirakçıları mənzillə təmin olunacaq. 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra ərazi bütövlüyümüzün təmin olunmasında fədakarlıq göstərmiş bütün hərbçilərə və onların ailələrinə davamlı olaraq mühüm imtiyazlar, güzəştlər edilməkdədir. Məqsəd şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsidir.
Məlumat üçün bildirək ki, bu vaxta qədər 14 800 şəhid ailəsi və qazi evlə təmin olunub. Bu proses bu il və gələn il də davam edəcək”.
Millət vəkili son olaraq bildirdi ki, Azərbaycan dövlətinin ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan, yaralanan, zərərçəkən insanların sosial müdafiəsi istiqamətində bütün resurslarından istifadə etməsi hər il artan xətt üzrə inkişaf edir. Bu da ölkə Prezidentinin Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisidir.
Günel CƏLİLOVA