Navalnı həbsxanada öldü
Rusiyada həbsdə olan müxalif Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb. Bu barədə Federal Penitensiar Xidmətin yerli idarəsi məlumat yayıb.
Qeyd edilir ki, bu gün 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Aleksey Navalnı gəzintidən sonra özünü pis hiss edərək, demək olar ki, dərhal huşunu itirib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağrılıb.
Zəruri bütün reanimasiya tədbirləri görülüb, lakin heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.
Navalnının ölümünün səbəblərinin araşdırıldığı bildirilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kremlin Navalnının ölüm səbəbləri barədə məlumatı yoxdur.
"Aleksey Navalnının ölümü ilə əlaqədar yoxlanışla Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidməti məşğul olur, baş verən hadisənin səbəbini tibb işçiləri araşdırır. Prezident Vladimir Putinə baş verən hadisə ilə bağlı məlumat verilib", - deyə o əlavə edib.
Rusiyanın "Telegram" kanalları məlumat yayıb ki, Navalnı tromb səbəbindən ölüb.
TAHİR