Vətən şüuru olan yerdə dini şüur arxa plana keçir - YUNUS OĞUZ
"Azərbaycan-Ermənistanın şərti sərhədində erməni snyperinin bizim əsgəri vurması kameralara çəkilmişdi, amma dünya səsini çıxarmadı. Düşünürdülər ki, Azərbaycan buna reaksiya verməyəcək. Lakin Prezident seçkilərində İlham Əliyev Xankəndində səs verməklə, özünün dediyi kimi, erməni terrorizminə, separatizmin tabutuna son mismarı vurdu və bu, gözlənilən idi".
Bunu Olaylar.az-a açıqlamasında yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz deyib: "Təbii ki, Azərbaycan ermənilərin gözünü dərhal qorxutdu, onları sındırdı. Xankəndində səs verməklə onsuz da sındırmışdı, indi də tamam sındırdı ki, biz dayanan deyilik. Yəni bu o deməkdir ki, yeni dövr, yeni dönəm başlayıb və yeni dönəmə də durub sakitcə baxmaq lazım deyil. Yeni dönəmdə düşünürəm ki, bütün sahələri ehtiva edən kifayət qədər amillər var. Prezident inaqurasiya mərasimindəki çıxışında bütün sahələrdə yeni dönəmin prioritet istiqamətlərini açıqladı.Bu istiqamətdə də əsas məsələ, Prezidentin dediyi kimi, dövlət şüurunun yenidən formalaşması, möhkəmlənməsidir.
Təbii ki, bizdə dövlət şüuru da, dini şüur da var. Amma bu gün Prezidentin dövlət şüurunun konteksti altında hədəflərini açıqlaması, konsepsiyanı göstərməsi bir daha ona dəlalət edir ki, dövlət şüurunun gələcəkdə də inkişafı Azərbaycanın dayanıqlı inkişafına yol açan əsas stimullardan biridir.
Burada daha həssas məsələ, dini şüurla vətən şüurunun toqquşmasıdır. Bilirik ki, Azərbaycanda vətən şüuru dini şüuru üstələyir. Yəni vətən şüuru olan yerdə dini şüur arxa plana keçir. Dini şüurda da bir zəif tərəfimiz odur ki, uzun müddət qonşularımız bu şüur altında cəhalət və səfalət, cahillik təbliğ ediblər. Bu da onun nəticəsidir ki, Azərbaycanda dinə meyillilik azdır. Doğrudur, milli adət-ənənələrimizə əməl edirik, müəyyən adətlərin Azərbaycanda keçirilməsi labüddür. Əslində bizdə milli dövlət şüurunun bir neçə atributu var. Təbii ki, bu 44 günlük Vətən Müharibəsindən sonra daha da çoxaldı. Deyək ki, əvvəllər milli bayramımız ancaq Novruz bayramı idi, dövlət bayramımız deyildi. Dövlət bayramımız 28 May, Ordu günü, Bayraq günü idi.Bunlar dövlət şüurunun əsas prioritetləri, əsas aparıcı xətləridir. Dini bayramlarımız da var, Ramazan, Qurban bayramları var ki, insanlar ona əməl edirlər".