İstanbul turizmdə rekord qırdı
Dünyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan İstanbul 2023-cü ildə 17 milyon 370 min 30 xarici ziyarətçi qəbul edərək bütün illərin rekordunu vurub.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, İstanbula gələn əcnəbilərin sayı əvvəlki ilə nisbətən 8.44% artıb.
2023-cü ildə İstanbula ən çox xarici ziyarətçi sayına əsasən Rusiya Federasiyası 1 milyon 990 min 226 nəfərlə birinci, Almaniya 1 milyon 286 min 504 nəfərlə ikinci, İran 1 milyon 53 min 638 nəfərlə üçüncü, ABŞ isə 853 min 766 nəfərlə dördüncü olub. 701 min 361 nəfərlə İngiltərə (Birləşmiş Krallıq), 604 min 509 nəfərlə Səudiyyə Ərəbistanı və 589 min 149 nəfərlə Fransa sıranı izləyib.
İlk Seçim İstanbul Hava Limanı
2023-cü ildə İstanbula daxil olan xarici ziyarətçilərin ilk seçimi İstanbul Hava Limanı olub.
Ötən il hava yolu ilə daxil olan ziyarətçilərin 71.78%-i İstanbul Hava Limanından istifadə edib. 12 milyon 177 min 784 ziyarətçini qəbul edən İstanbul Hava Limanı ən çox xarici ziyarətçinin girdiyi ilk sərhəd qapısı olarkən, 28,12% ilə ikinci olan Sabiha Gökçen Hava Limanı 4 milyon 771 min 157 nəfər tərəfindən seçilib.
2023-cü ildə İstanbula hava yolu ilə gələn xarici ziyarətçilərin ümumi sayı 16 milyon 964 min 432 olub. Bununla yanaşı, ötən il dəniz yolu ilə İstanbula gələn əcnəbilərin sayı 405 min 598 olaraq qeydə alınıb.
SAMİRƏ