"Yeni dövrdə Azərbaycanın qarşısında taleyüklü məsələlər dayanır"
"Fevralın 7-də keçirilən prezident seçkiləri ilə Azərbaycan öz inkişafının mahiyyət və keyfiyyət etibarilə tamamilə yeni bir dövrünə qədəm qoydu. Bu dövrün öz vəzifələri var. Bölgədə davamlı sülhə nail olunması həm bizim üçün, həm də bütün bölgə dövlətləri üçün olduqca vacibdir. Azərbaycan hakimiyyəti müharibədən dərhal sonra bu istiqamətdə lazımi addımları atıb və Ermənistana sülh təklif edib. Yeni dövrün ən mühüm vəzifələrindən biri bütün bölgə dövlətlərinin "3+3" formatında qarşılıqlı əməkdaşlığının təmin etməkdən ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, bu layihənin uğurla həyata keçirilməsi Cənubi Qafqazda daimi sülhün və davamlı inkişafın qarantı ola bilər: "Bununla yanaşı Qarşıda Böyük Qayıdışın qısa zamanda və yüksək keyfiyyətlə həyata keçirilməsi, 35 il əvvəl Ermənistandan çıxarılmış soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunması və çox da uzaq olmayan gələcəkdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması kimi taleyüklü məsələlər dayanır. Xalq bu kimi ciddi vəzifələrin həyata keçirilməsini demək olar ki, yekdilliklə Prezident İlham Əliyevə etibar edib. Əvvəlki prezidentlik müddətlərində olduğu kimi, növbəti müddətdə də Prezident İlham Əliyevin ölkəmiz qarşısında duran yeni məqsədlərə böyük uğurla nail olacağına isə şübhə yoxdur".
Ləman Sərraf