"Əminəm ki, Azərbaycan-Litva münasibətləri bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək" - İlham Əliyevdən təbrik məktubu
Prezident İlham Əliyev Litva Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Gitanas Nausedayaya təbrik məktubu ünvanlayıb. Litva xalqını və Prezident Gitanas Nausedayanı milli bayram münasibətilə səmimi-qəlbdən təbrik edən dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib: “Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik. Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir”.
Prezident İlham Əliyev bu əlamətdar gündə Gitanas Nausedayaya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Litva xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Mətləb Salahov