Estoniya mediası Prezident İlham Əliyevin andiçmə mərasimindən yazdı
Estoniyanın “Baltija.eu” internet-nəşri Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyevin andiçmə mərasimi barədə məqalə dərc edib.
Məqalədə yüksək səviyyədə təşkil olunan seçkilərin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın bütün regionlarında, o cümlədən işğaldan azad olunan ərazilərdə ilk dəfə keçirilməsindən söhbət açılır. Qeyd olunub ki, seçkilər azad, şəffaf keçib və ölkənin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi hadisəyə çevrilib.
“Prezident seçkiləri ilə bağlı bütün fəaliyyət ölkənin Seçki Məcəlləsinin tələblərinə riayət olunmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan və təsdiqlənən Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil icra olunmuşdu. Respublikanın bütün coğrafiyasını əhatə edən məntəqələrdə seçkilərin şəffaflığının yüksək səviyyədə təmin olunması üçün internet vasitəsilə səsvermə prosesini əvvəldən axıradək fasiləsiz izləmək imkanı verən veb-kameralar qurulmuşdu. Bundan başqa, proseslərin izlənilməsində 72 nüfuzlu beynəlxalq strukturu və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi, 110 aparıcı xarici media subyektlərindən 217 nümayəndə iştirak edirdi”, - deyə məqalədə qeyd olunur.
Mətləb Salahov