“Qarabağ Azərbaycandır, demokratiya zəfər çaldı” - Meksika mətbuatı Azərbaycanda keçirilmiş prezident seçkilərindən yazır
Meksikanın “Contra Replica” qəzetində Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində müşahidəçi statusunda iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş tanınmış siyasi şərhçi Federiko Lamontun müəllifliyi ilə “Qarabağ Azərbaycandır, demokratiya zəfər çaldı” (Triunfó la democracia porque Karabaj es Azerbaiyan) başlıqlı məqalə dərc olunub. Müəllif məqaləsində əvvəlcə İlham Əliyevin inamlı qələbəsi ilə yekunlaşan prezident seçkilərindən söhbət açaraq bu dəfə keçirilmiş seçkilərin Azərbaycanın bütün suveren ərazilərini əhatə etdiyini bildirib.
Daha sonra F.Lamont ölkəmizə səfəri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla müsahibəsindən söz açıb. Məqalədə E.Məmmədova istinadən işğaldan azad edilmiş ərazilərimizdə bu gün mövcud mina problemi məsələsinə toxunularaq Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələrdən olduğu bildirilib. Bu xüsusda, mina qurbanlarının sayının hər ötən gün daha da artdığı təəssüflə qeyd olunaraq sözügedən ərazilərin təmizlənməsi üçün mina xəritələrinin təqdim edilməsinin vacibliyi vurğulanıb. Həmçinin 2020-ci ildən sonra belə minaların yerləşdirilməsi prosesini davam etdirən Ermənistanın bu məkrli siyasətinin azərbaycanlılara qarşı onilliklərlə davam edən etnik təmizləmə kampaniyasının davamı olduğu diqqətə çatdırılıb.
Mətləb Salahov