Xalq Əliyevin inauqurasiya çıxışından istədiklərini ala bildimi?..
Fərəc Quliyev: “Hər kəs istədiyi cavabı aldı, məni də qane etdi”
Prezidentin Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi məhz ölkəmizin ötən dövrdə keçdiyi yolun təhlili əsasında qarşıdakı illərdə ayrı-ayrı sahələrdə görüləcək işlərin, güclü Azərbaycanın daha da qüdrətlənməsi üçün atılacaq addımların təqdimatı oldu.
İlham Əliyev təkmil islahatlarından, dövrün çağırışlarını özündə ehtiva edən siyasəti nəticəsində qazanılan uğurlarımızdan, yeni yaradılan reallıqlar əsasında regionda və dünyada baş verən proseslərdən, iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsindən geniş bəhs edərək diqqəti yeni hədəflərə yönəldib.
Xalq Prezidentin çıxışından istədiklərini ala bildimi?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə Prezidentinin həm daxili, həm xarici siyasət haqqında geniş bir çıxışı oldu: ”Hesab edirəm ki, bütün sahələrə, həllini düşündürən məsələlərə toxunuldu. Bu gün ən aktual olan Ermənistan-Azərbaycan münasibətləri, bizim ona baxışlarımızı bir daha izah etdi. Bu həm də xarici dövlətlərə bir mesaj oldu. Açıq şəkildə bildirdi ki, biz kiməsə görə öz ideyalarımızı dəyişməyəcəyik. Mən hesab edirəm ki, ən çox məmnunluq doğuran məsələ Azərbaycanın xarici siyasətdə prioritetinin açıq şəkildə bəyan olunması oldu. Bu, Türk Dövlətləri Təşkilatında möhkəmlənmək, bu gücün daha da artırılması və təhlükəsizliyimizin bu gücün içərisində olması deməkdir. Biz on illərdir, türk dövlətlərinin birlikdə öz dövlətlərini qurulmasını, bütün axtardıqlarımızı türk evimizdə tapmağımızı istəyirdik. Artıq Azərbaycan da, digər türk dövlətləri də qol - qola bu evdə möhkəmlənəcək. Ermənistan-Azərbaycan münasibətlərində də bizim qətiyyətimiz bir daha bəyan olundu. Bu vizion əhali tərəfindən ciddi şəkildə qəbul olunacaq. Sosial - iqtisadi durumla bağlı bütün məsələlərə də toxunuldu. Məskunlaşma ilə bağlı işğaldan azad edilmiş ərazilərdə işin davam etdirilməsindən danışıldı. Mən düşünürəm ki, hər kəs istədiyi cavabı aldı. Məni də qane etdi. Azərbaycanda bütün bu işləri görmək üçün toparlanmaq, özümüzdə güc axtarmaq, xalqın birliyini qoruyub saxlamaq çox vacibdir. Ona görə də, bununla bağlı verilən bütün mesajlar bizi olduqca qane etdi. Mən bir daha Prezidenti təbrik edirəm. Xalqımıza uğurlar arzulayıram”.
Andiçmə nitqində vacib olan məqamlardan biri də bu oldu ki, Prezident Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etmək, həmçinin iki ölkə arasında vasitəçilik etmək istəyənlərə də mesaj göndərib, bizə bu məsələdə vasitəçinin lazım olmadığını bəyan edib.
Azərbaycan-Ermənistan normallaşması prosesinin beynəlxalq gündəlikdən düşməli olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib: “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Biz öz məsələmizi həll etmişik”.
Bütün bunlar onu deməyə əsas verir ki, İlham Əliyevin andiçmə nitqi əhatəli və məzmunlu olub.
Məhəmmədəli QƏRİBLİ