Şagirdlər Bakı Tikiş Evinin paltarlarını almır? Alırsa niyə böhrandır?..
BTE - Etibar Əzimov: "Yayılan məlumatlar həqiqəti əks etdirmir, belə bir şey yoxdur"
Yeni dərs ili ərəfəsində Bakı Tikiş Evinin (BTE) qarşısında izdiham olurdu. Valideynlər övladlarına yeni məktəbli forması almaq üçün qeyd edilən ünvanda növbə gözləyirdi. BTE-nin işçiləri də sifarişləri çatdırmaq üçün var gücləri çalışırdılar.
Ancaq indi tədris ilinin ortası olduğu üçün işçilər belə bir problem yaşamır. Məlumata görə, BTE-də satış səviyyəsi aşağı düşüb və Tikiş Evi müflisləşmək üzrədir. Sosial şəbəkədə yayılan məlumata əsasən, Bakı Tikiş Evi (BTE) bağlanma təhlükəsi ilə üz-üzə qalıb. Qeyd edilir ki, işçilərin maaşını ödə bilməyən BTE müvəqqəti olaraq bağlanacaq.
Məlumatın nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Bakı Tikiş Evi ilə əlaqə saxladıq.
"Çin malları satılmayanlar belə bir iddianı ortaya atır, onlar 9-10 manata keyfiyyətsiz formaları uşaqlara satırlar, sonra da BTE-nin məhsullarını bəyənməyib haqqımızda belə cəfəngiyatı yayırlar"
“Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov "Bakı-Xəbər"-ə açıqlamasında bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Belə bir şey yoxdur. Satışlarımız əlbəttə, çox deyil. Buna baxmayaraq bütün filiallarımız çalışır, bu sahədə heç bir problem yoxdur. Əslində bu iddiaların kimlər tərəfindən yayıldığını bilirəm. Məlumdur ki, Çin istehsalı mallara təlabat yüksək deyil. Bu səbəbdən də Çin malları satılmayanlar belə bir iddianı ortaya atırlar. Onlar 9-10 manata keyfiyyətsiz formaları uşaqlara satırlar. Sonra da BTE-nin məhsullarını bəyənməyib haqqımızda belə cəfəngiyatı yayırlar. Hər şey qaydasındadır".
Həmsöhbətimiz onu da əlavə etdi ki, müflisləşmə ilə bağlı yayılan xəbərlər yalandır: "İşçilərin işdən çıxarılması, filillarımızın bağlanması məsələsi doğru deyil. Şükür Allaha, hər şey qaydasındadır".
Günel CƏLİLOVA