3890 soydaşımızın cəmi 25-nin taleyi məlumdur...
Azər Həsrət: "Azərbaycan dövləti o insanların taleyinə aydınlıq gətirilməsi üçün çalışır, var gücü ilə mübarizə aparır"
Birinci Qarabağ müharibəsindən sonra yüzlərlə azərbaycanlının taleyi naməlum olaraq qaldı. Əsir düşən bu insanlardan hələ də heç bir xəbər yoxdur.
İtkin kimi siyahıya alınan həmin insanların yaxınları, ailə üzvləri hələ də ümid edirlər ki, onlar haqqında bir məlumat olacaq.
Bəllidir ki, itkinlər istər mülki şəxslər, istərsə də hərbçilər arasında kifayət qədərdir. Onu da qeyd edək ki, Qarabağda erməni terrorçuları tərəfindən dinc əhalinin və hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır. Ağlasığmaz işgəncələrə məruz qalan əsirlər ya dözməyib dünyasını dəyişib, ya da ermənilər tərəfindən qətlə yetirilib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində 3890 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və 01.01.2024-cü il tarixə olan məlumata əsasən onlardan yalnız 25 nəfərinin qalıqları eyniləşdirilib.
Maraqlıdır, hansı işlər görülməlidir ki, son nəfərə qədər bu insanların taleyi aydın olsun?
"Ermənilər itkin düşmüş şəxslərin taleyi ilə bağlı nəinki ölkəmizə, heç beynəlxalq təşkilatlara da informasiya vermir"
Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Ermənistan tərəfi, digər mövzularda olduğu kimi, bu məsələdə də öz bildiyini edir: "Bugünə qədər Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı qeyri-konstriktiv, anti-insani mövqe nümayiş etdirir. Onların taleyinin müəyyənləşməsi məsələsi ilə bağlı lazımi addımı atmır. Aydın məsələdir ki, onlar artıq həyatda yoxdur. Birinci Qarabağ müharibəsi zamanı həmin şəxslər ermənilər tərəfindən fiziki olaraq məhv edilib. Onların harda basdırılması ilə bağlı ölkəmizə dəqiq məlumat verilmir. Ermənilər itkin düşmüş şəxslərin taleyi ilə bağlı nəinki ölkəmizə, heç beynəlxalq təşkilatlara da informasiya vermir. Məlumdur ki, itkin düşən şəxslərin başına hansı oyunların açıldığı detallı şəkildə ortaya çıxarsa Ermənistanın nə qədər ağır cinayət törətdiyi meydana çıxacaq. Bu səbəbdən də Ermənistan məlum məsələ ilə bağlı əməkdaşlıqdan imtina edir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan dövləti o insanların taleyinə aydınlıq gətirilməsi üçün çalışır, var gücü ilə mübarizə aparır: "Beynəlxalq təşkilatlar Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni təcavüz aktına, kütləvi zorakılığa laqeyd yanaşır. 3890 nəfərin taleyi beynəlxalq birliyi narahat etmir".
Günel CƏLİLOVA