"Mən Azərbaycanla Ermənistan arasında sülhün mümkünsüzlüyü fikrini qəbul etmirəm" - ABŞ səfiri
Mən Azərbaycanla Ermənistan arasında sülhün mümkünsüzlüyü fikrini qəbul etmirəm. Trend-in məlumatına görə, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bugünkü mətbuat konfransında deyib.
"Mən tam razıyam ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilərlər. Bunu qəbul etməsəydim, sülh sazişinin mümkün olacağına ümid etməzdim. Ötən ilin dekabrında həbsdə olan hərbçilərin mübadiləsinə dair razılaşma, Ermənistanın Azərbaycanın COP29-a sədrliyinə dəstək verməsi onu göstərir ki, iki ölkə razılığa gələ bilər. Azərbaycanlılarla ermənilərin qonşu, ticarət tərəfdaşı kimi birlikdə harmoniyada yaşaya bilməyəcəklərinə şübhə ilə yanaşmaq üçün heç bir əsas yoxdur. Mən sülhün qeyri-mümkün olması təklifini rədd edirəm. Bu, çətindir və öhdəsindən gəlmək asan olmaya bilər” - səfir bildirib.
Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirmişdi ki, dövlət katibi Entoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərini Vaşinqtonda qəbul etməyə ümid edir.
Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi nazirlərin növbəti görüşünün yeri və tarixinin hələ razılaşdırılmadığını bildirib.