Rusiyanın yeni gizli silahı ABŞ-da çaxnaşma yaratdı - Vaşinqtonda “ciddi təhlükəsizlik təhdidi” xəbərdarlığı edildi …
Rusiya ilə bağlı bir iddia ABŞ-da çaxnaşmaya səbəb olub. ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner yazılı açıqlama verərək ölkənin ciddi milli təhlükəsizlik təhdidi ilə üzləşdiyini bildirib.
ABŞ-ın ciddi bir milli təhlükəsizlik təhdidi ilə üz-üzə olduğunu ifadə edən Turner, prezident Baydeni təfərrüatlarını açıqlamadığı məsələ ilə bağlı bütün məlumat və sənədləri Konqreslə bölüşməyə çağırıb.
"Bu gün Kəşfiyyat Komitəsi Konqresin bütün üzvlərinə bu ciddi milli təhlükəsizlik təhdidi barədə məlumat verdi. Mən prezident Baydendən xahiş edirəm ki, bu təhlükə ilə bağlı bütün məlumatları əlçatan etsin ki, Konqres, administrasiya və bütün müttəfiqlərimiz bu təhdidə necə cavab veriləcəyini açıq şəkildə müzakirə etsinlər”, – Turner bildirib.
Mövzu ilə bağlı Konqres üzvlərinə göndərdiyi məktubda komitə sədri sözügedən təhlükənin “sabitliyi pozan xarici hərbi potensial”la bağlı olduğunu bildirib.
Sözügedən təhlükənin nə olduğu ilə bağlı təfərrüatları açıqlamayan Turnerin açıqlamasına Ağ Evdən də cavab gəlib. ABŞ Milli Təhlükəsizlik müşaviri Jake Sullivan, Turnerin sözügedən açıqlamasını dəyərləndirdiklərini söyləyib. Sullivan Turnerin ictimaiyyətə belə bir ilkin açıqlama verməsinin onun üçün "sürpriz" olduğunu da bildirib.
Amerika mediası isə ABŞ-dakı çaxnaşmaya Rusiyanın hazırladığı yeni gizli silahın səbəb olduğunu iddia edib. ABŞ Kəşfiyyatının rəsmisi CNN-ə, milli təhlükəsizlik təhdidinin “çox narahatedici və sabitliyi pozan” bir Rusiya addımı olduğunu deyib.
Tahir TAĞIYEV