Avropada 1950-ci ildən dünya iqtisadiyyatına istiqamət verən gizli təşkilat ortaya çıxdı - ildə iki dəfə toplaşırlar…
1950-ci ildən bəri dünya iqtisadiyyatına istiqamət verən və Avropada yerləşən gizli bir klubun olduğu ortaya çıxıb. İkinci Dünya Müharibəsindən sonra maliyyə qurumları arasında əlaqələri inkişaf etdirmək üçün qurulduğu bildirilən Institut International d'Etudes Bancaires (IIEB) adlı bu strukturun böyük pul axınına istiqamət verdiyi iddia edilir.
Gizli və nüfuzlu təşkilatın ildə iki dəfə Avropanın ən böyük banklarının prezidentlərini bir araya gətirərək qlobal siyasəti yönləndirdiyi iddia edilib. “Financial Times” (FT), IIEB-nin iclas gündəliyinin açıqlanmadığını və onun varlığından, üzvlərdən başqa heç kimin xəbərdar olmadığını yazıb.
Adının açıqlanmasını istəməyən və uzun müddətdir klub üzvü olanlardan biri “FT”yə, "bura Davos kimi deyil, hər kəs istədiyi kimi girə bilər. Bu, həqiqətən xüsusi bir vəziyyətdir" deyib.
“FT” yazır ki, IIEB 1950-ci ildə Parisdə dörd kontinental kredit təşkilatının - Crédit Industriel et Commercial, Union Bank of Switzerland, Société Générale de Belgique və Amsterdamsche Bankın prezidentləri tərəfindən təsis edilib. Məqsəd iqtisadiyyat və pul sistemi, eləcə də bank sektorunda baş verən hadisələrlə bağlı mütəmadi olaraq yüksək səviyyəli danışıqların aparılması olub.
İsveç bankı Handelsbanken-in sədri Par Boman “FT”yə uzun müddət təşkilataa üzv olduqlarını deyib: "Biz təşkilatın Avropa banklarını bir araya gətirmək məqsədinə xidmət etdiyi zaman onilliklər ərzində üzvü olmuşuq. Ancaq maliyyə böhranından sonra biz hiss etdik ki, təşkilatın israfçılığı və şəffaflığın olmaması bizim dəyərlərimizə uyğun gəlmir”.
O da qeyd edilir ki, təşkilat üzvləri müzakirələrin təfərrüatlarını bölüşməkdən çəkinirlər. Qurumun banklar arasında sıx əlaqələri təşviq etmək məqsədinə xidmət etmədiyindən və şəffaflığın olmamasından şikayət edən üzvlərin olduğu da bildirilir. Qeyd edilir ki, IIEB son illərdə avronun təsiri, iri banklar arasında birləşmə və satın alınma kimi məsələlərə də müdaxilə edir.
Xəbərdə təşkilatın həm də sosial klub kimi fəaliyyət göstərdiyi, üç günlük tədbirlərdə üzvlərinə qala gecələri, özəl turlar və bankirlərin xanımları üçün alış-veriş səfərləri təklif olunduğu da vurğulanıb.
Tahir TAĞIYEV