“Gənclər Paytaxtı”nın Nəsimi kimi “soyulan” Nəsimi küçəsi...
Bildiyimiz kimi, cənub mirvarisi Lənkəran şəhəri 2024-cü ilin “Gənclər Paytaxtı” seçilib. Buna hər bir lənkəranlı ürəkdən sevinir və qürur hissi ilə səhərlərin gözünü açır. Amma şəhərin görkəminə xələl gətirən bəzi-bəzi məsələlərə görə narahat da olurlar. Yəni Lənkəranın mərkəzində elə yararsız küçələr var ki, adam gördüyünə inanmır. Toz-torpağından, çala-çuxurundan sakinlərin gediş-gəlişdə əziyyət çəkdikləri küçələrdən biri İmadəddin Nəsimi adlanır. Dahi şairin adına yaraşmayan bu gölməçəli küçə barədə əlaqədar təşkilatlara çox deyilib. Amma hazırda Nəsimi kimi soyulmaqda olan küçənin təmiri ilə maraqlanan yoxdur. Nə vaxtsa buranın qaydaya salınacağına artıq heç kimdə ümid də qalmayıb. Baxımsız halda olan küçə hər gün dağılır, daha bərbad hala düşür.
Sakinlər bildirir ki, səlahiyyət sahiblərinin yanında bu barədə çox söhbət açılıb. Hər dəfə də bir bəhanə gətiriblər. Hətta bir müddət qışda palçıq əlindən, yayda toz-torpaqdan küçədə hərəkət etmək qeyri-mümkün idi. Uşaqlar məktəbə getməkdə çətinlik çəkirdilər. Yaşlılar, xəstələr günlərlə küçəyə çıxa bilmirdi. Vəziyyəti qaydaya salmaqdan ötrü yola 1 il öncə öz vəsaitimiz hesabına çınqıl tökdük. Amma onun ömrü üzün olmadı, yol tezliklə çökdü.
Həm də yaxınlıqda obyekt inşa edilir. Tikinti meydançaya gələn ağır tonnajlı yük maşınları yolda hərəkət etdiyi üçün onu çox bərbad günə salıb. Ətrafda yaranan səs-küy isə sakinləri rahat buraxmır. Bunlar azmış kimi, ərazi zibillənməyə başlayıb ki, bu da antisanitariya və küçə itlərinin burda məskən salmasına yol açır.
Sözün qısası, Lənkəranda İmadəddin Nəsimi adına küçə başdan-başa problemdir. Təəssüf ki, Lənkəran şəhərinin “Gənclər Paytaxtı” olduğu indiki vaxtda da müvafiq qurumlar buna biganə yanaşır.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü