Sərhədlərimizdəki “Yerkrapa” silahlıları Ermənistanın əsas təxribat qüvvələridir...
Ramil Hüseynov: “Ermənistanın yetərli sayda əsgəri yoxdur ki, sərhədlərini qorusun”
Fevralın 12-də Ermənistan növbəti dəfə Azərbaycanla sərhəddə təxribatlar törədib. Nəticədə sərhədçimiz yaralanıb. Cavab tədbirlərindən sonra isə Ermənistan ordusu dörd hərbçi itirib.
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan sərhədçilərinin "Qisas" əməliyyatı zamanı öldürülən erməni hərbçilərin siyahısını dərc edib. Arutyunyan Eduard Hamletoviç (1974-cü ildə anadan olub), Manukyan Qaqik Varazdatoviç (1982-ci il), Ambarsumyan Arsen Gagikoviç (1979-cu il), Ohanesyan Qraçya Talışeviç (1957-ci il). Azərbaycanla sərhəddə döyüş növbətçiliyi çəkən erməni hərbçilərin yaşı diqqəti cəlb edir. Həlak olanlar arasında ən cavanın 42, yaşlının 67 yaşı olub. Bunlar sərhəddə normal yaşda əsgər saxlamaq əvəzinə, terrorçu saxlayırlar. Məlum olur ki, Ermənistanın Azərbaycanla şərti sərhədinin bir hissəsini nizami ordu birləşmələri yox, “Yerkrapa” terror təşkilatının üzvləri mühafizə edir.
O baxımdan maraqlıdır, 12 fevral təxribatında “Yerkrapa” könüllüləri nə rol oynayıb? Ermənistan bu qeyri-rəsmi ordunu niyə saxlayır?
“Paşinyan hakimiyyəti 12 fevral təxribatından boyun qaçırmaq üçün bunu “Yerkrapa” terrorçularına həvalə edib”
Sözügedən məsələyə aydınlıq gətirən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, 12 fevral təxribatını bilavasitə “Yerkrapa” terrorçuları törədib. Məhv edilən erməni əsgərlərin yaşına baxanda məlum olur ki, bunlar sıradan bir əsgər deyil. “Yerkrapa” Könüllülər Birliyi 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak edən könüllü erməni hərbçiləri birləşdirən qurumdur. Bunlar “Qarabağ klanı” Ermənistanda hakimiyyətdə olanda daha çox təsir imkanına malik idilər. Ona görə ki, separatçılarla birlikdə bir vaxtlar ərazilərimizi işğal etmişdilər. “Yerkrapa” Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Təşkilat 2016-cı ilin “Aprel döyüşləri”, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərib. Həm “Aprel döyüşləri”ndə, həm də 44 günlük müharibədə çoxsaylı “Yerkrapa” üzvü ordumuz tərəfindən məhv edilib. 2019-cu ildən “Yerkrapa”ya erməni terrorçu Sasun Mikayelyan rəhbərlik edir. Paşinyan hakimiyyəti 12 fevral təxribatından boyun qaçırmaq üçün bunu “Yerkrapa” terrorçularına həvalə edib. “Yerkrapa” terrorçularının sərhədlərin bir hissəsini mühafizə etməsinə gəldikdə isə, bu ölkədə yetərli sayda əsgər yoxdur. Yəni Ermənistanın yetərli sayda əsgəri yoxdur ki, sərhədlərini qorusun. Ona görə də sərhədlərin müəyyən hissəsini “Yerkrapa” terrorçuları qoruyur. Bunun nəticəsidir ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Ermənistan yalnız Gürcüstanla olan sərhədləri özü qoruyur”.
Vidadi ORDAHALLI