Paşinyan Almatı sənədində 10 pozucu düzəlişi ləğv etmir, üstəlik Əliyevə böhtan da atır...
Elşad Musayev: “Paşinyan hansı ərazi bütövlüyündən danışır ki, Qazaxın 7 kəndi hələ də işğal altındadır?”
Ermənistan baş naziri Nikol Paşinyan Britaniyanın The Telegraph qəzetinə müsahibəsində utanmadan bildirib ki, Azərbaycanla sülh müqaviləsi Bakının təqsiri ucbatından yubanır.
Xüsusən, Bakı Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina edir, baxmayaraq ki, 2022-ci ilin oktyabrında Praqada keçirilən görüşdə Ermənistan və Azərbaycanın 1991-ci il tarixli Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü, yəni həmin vaxt mövcud olan sərhədləri tanıması prinsipini təsdiq ediblər. Yanvarın 10-da prezident Əliyevin verdiyi müsahibəni nəzərdə tutaraq Paşinyan deyib: “Bu, sülh prosesinə zərbədir, çünki Ermənistan və Azərbaycan arasında üçtərəfli və dördtərəfli formatda yazılı olaraq hər iki ölkənin Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması haqqında razılaşma əldə olunub”.
Paşinyan kimi aldadır? Ermənistan parlamenti 1992-ci ilin yanvarında Almatı Bəyannaməsini 10 düzəlişlə qəbul edib və orada Qarabağ Azərbaycan ərazisi kimi tanınmır. O zaman Nikol hansı ərazi bütövlüyünün tanınmasından danışır?
“... bunların hamısı vaxtı uzatmağa hesablanmış addımlardır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Paşinyanın xarici media resurslarına müsahibələrində sülh müqaviləsinə görə Azərbaycanı ittiham etməsi yeni bir şey deyil: “Dəfələrlə Nikol əsassız olaraq buna görə Azərbaycanı günahlandırıb. Eyni zamanda xarici işlər naziri Ararat Mirzoyan da analoji taktikadan istifadə edir. Çox vaxt da Almatı Bəyannaməsini misal gətirirlər. Azərbaycanın özündə də bəzi qorxaq siyasətçilər var ki, bir şey olan kimi deyirlər biz Almatı Bəyannaməsi ilə razılaşmışıq. O üzdən, Ermənistanın ərazi bütövlüyünün əleyhinə çıxa bilmərik və s. Ermənistan Almatı Bəyannaməsini tanısaydı, ərzilərimizi işğal etməzdi. Otuz il Qarabağ və ətraf rayonları işğal altında saxlamazdı. Biz güc yolu ilə həmin əraziləri işğaldan azad etdik. Paşinyan hansı ərazi bütövlüyündən danışır ki, Qazaxın 7 kəndi hələ də işğal altındadır? Naxçıvanın Kərki kəndi işğal altındadır. Deməyim odur ki, bunlarda utanan üz yoxdur. Adamın gözünün içinə baxa-baxa yalan danışırlar. Ona görə də bütün bunların hamısı vaxtı uzatmağa hesablanmış addımlardır. Yəni günahı başqasının üzərinə atmaq cəhdidir və bu, belə də davam edəcək. Çünki biz 30 il ərzində aydın şəkildə gördük ki, ermənilər nə qədər riyakardır və sülhə gəlmək istəmirlər. Onların xəstə düşüncəsində qurama “böyük Ermənistan” xülyası var. O üzdən, müharibədə məğlub olsalar da vaxt uzadıb toparlanmaq istəyirlər. Eyni zamanda xristian dövlətlərini cəlb edib müdafiəçi qismində görmək istəyirlər. Biz nəzərə almalıyıq ki, İran da hər zaman bunlara dəstək verib. Bir sözlə, Ermənistanın məqsədi sülh müqaviləsi imzalamaq deyil. Bu o vaxta qədər davam edəcək ki, Azərbaycan Ordusu güc yolu ilə Qazaxın 7 kəndini azad edəcək. Bu minvalla biz Ermənistanı sülhə məcbur etməliyik. Başqa variant yoxdur və hamı bunu bilməlidir. Yoxsa danışıqlar illərlə vaxt aparacaq”.
Vidadi ORDAHALLI