MTK-ların beton daşıyan maşınları təhlükə mənbəyidir - ildə 127 qəza, 84 ölüm...
Elxan Əliyev: “Ağır yük maşınlarını idarə edən şəxslər sıradan bir sürücü olmamalıdır”
Ağır tonnajlı yük maşınlarının yolların qənimi olması barədə indiyə qədər kifayət qədər deyilib, yazılıb. Qanunvericilik qaydasında da onlara qarşı maliyyə cəzaları bir neçə dəfə artırılıb.
Əsas məqsəd də belə maşınların normadan artıq yük yükləməsinin qarşısını almaqdan ibarət olub. Lakin bu sahədə vəziyyətin yaxşıya doğru dəyişməyindən danışmaq üçün hələ də çox tezdir.
Normadan artıq yük götürən belə maşınların cərimələnməsinə baxmayaraq, yollarda hər gün onlarla qarşılaşmaq olar. İnzibati Xətalar Məcəlləsinə məlum dəyişikliklərin edilməsinə baxmayaraq, yollarda hələ də yükü özündən dəfələrlə ağır olan və yükünü daşımaqda əziyyət çəkən yük maşınlarına rast gəlinir. Onu da qeyd edək ki, daha çox MTK-lara məxsus beton daşıyan maşınlar yollarda təhlükə saçır.
Açıqlanan statistik rəqəmlərə əsasən, son 1 ildə yük avtomobillərinin iştirakı ilə qeydə alınmış 127 yol qəzasında 84 nəfər həlak olub, 85 nəfər isə xəsarət alıb.
Maraqlıdır, MTK-ların yük maşınları ilə bağlı nə kimi tədbirlər görülə bilər?
“MTK-lara məxsus olan yük maşınları ilə bağlı müəyyən qayda-qanun yaradılmalıdır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yükdaşıma qaydalarının pozulmasına görə nəqliyyat vasitələri cərimələnir: “Bu kimi hallarda ən aşağı cərimə haqqı 40 manat təşkil edir. Amma nəqliyyat vasitələrinin parametrləri aşılmaqla yüklənməsinə görə cərimələr fərqlidir. Eyni zamanda, həmin sürücülər qaydaları təkrar pozduqlarına görə 1 200 manat dəyərində cərimə edilirlər. Danılmaz faktdır ki, MTK-lar ağır tonnajlı yük avtomobillərindən istifadə edir. Normadan artıq yüklənmiş ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində yolların monolit beton örtüyündə müəyyən çatlar və dağılmalar əmələ gəlir. İri tutumlu yük avtomobilləri körpülərin də dağılmasında mühüm əhəmiyyət daşıyır. Həmçinin, bu nəqliyyat vasitələrinin iştirakı ilə çoxlu sayda yol qəza hadisələri olub. Dəfələrlə beton qarışdıran maşınlar qəza törədib. Bu səbəbdən də MTK-lara məxsus olan yük maşınları ilə bağlı müəyyən qayda-qanun yaradılmalıdır. İlk növbədə, həmin nəqliyyat vasitələrinin parklanma məsələsi həll olunmalıdır. Belə ki, bina inşa edilən ərazinin yaxınlığından ağır tonnajlı yük maşınlarının əlindən keçmək olmur. Sanki həmin maşınlar yolu kəsmək üçün orda dayanıb. Digər nəqliyyat vasitələri o maşınlara görə istədikləri ünvana gedə bilmir. Bu məsələyə nəzarət olunmalıdır. Daha sonra ağır yük maşınlarını idarə edən şəxslər sıradan bir sürücü olmamalıdır. Nəzərə almaq lazımdır ki, həmin nəqliyyat vasitəsinin ağırlığı xırda maşınlarla bir deyil. Bu səbəbdən də bu maşınlar təcrübəsi olan şəxsə etibar edilməlidir. Hər dərəcə alan şəxs peşəkar sayılmır. Ağır yük maşınlarının iştirakı ilə yol qəzalarının sayının azalması üçün peşəkar sürücülərə ehtiyac var”.
Günel CƏLİLOVA