Ermənistan sərhədçimizə qarşı təxribatı boynundan ata bilmədi - "araşdırılır"...
Tural İsmayılov: “12 fevral tarixində sərhəddə baş verən hadisə Ermənistan tərəfinin düşünülmüş, məqsədli strategiyalarından biri idi”
Məlum olduğu kimi, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.
Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.
Qeyd edək ki, son zamanlar dövlət sərhədlərində bu kimi xoşagəlməz hallar yaşanmırdı. Onu da bildirək ki, Ermənistan tərəfi bu xəbəri təsdiq edir və hadisə ilə bağlı araşdırma aparıldığını da qeyd edib.
Ermənistanın bu təxribatı bir sıra sualların yaranmasına səbəb olur. Maraqlıdır, Ermənistanda nə vaş verir ki, onlar bu təxribata əl atıb?
“Ermənistanın məqsədli şəkildə delimitasiya və demarkasiya işlərini uzatması, Azərbaycanda sülh sazişini yubatması hər iki ölkə arasında vəziyyətin bu həddə gəlib çatmasına səbəb olub”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 12 fevral tarixində sərhəddə baş verən hadisə Ermənistan tərəfinin düşünülmüş, məqsədli strategiyalarından biri idi: “Məlumdur ki, Azərbaycan Ermənistanla sülh danışığı aparmaq istəyir. Onu da deyim ki, Ermənistanda Avropa İttifaqının mülki müşahidə missiyasının olduğu bir zamanda belə bir təxribatın törədilməsi onların yenidən silahlandırılmasının nəticəsidir. Özəlliklə, Avropa İttifaqının mülki müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədində olduğu bir məqamda bu təxribatın törədilməsi bir sıra nüanslara təsir etdi. Belə ki, Azərbaycanla Ermənistan arasındakı sülh və etimad quruculuğu prosesinə zərbə vurdu. Eyni zamanda, Ermənistanın məqsədli şəkildə delimitasiya və demarkasiya işlərini uzatması, Azərbaycanda sülh sazişini yubatması iki ölkə arasında vəziyyətin bu həddə gəlib çatmasına səbəb olub”.
Günel CƏLİLOVA