Sərhədlərdə Azərbaycan-Rusiya əməliyyat-axtarış tədbirləri başlayıb - pərdəarxası məqamlar...
Azər Həsrət: “Sərhədlərin daha etibarlı qoruna bilməsi, cinayətkarlığın qarşısının alınması üçün bu cür əməliyyatlara mütləq ehtiyac var”
Məlum olduğu kimi, Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd-sipər" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
Bir həftə davam edəcək əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsidir. Həmçinin, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinin qarşısını almaqdır.
Maraqlıdır, bu əməliyat-axtarış tədbirlərinin indi keçirilməsinin nə kimi əhəmiyyəti var?
“Sərhədyanı rayonların ərazisində əməliyyat-axtarış və profilaktik tədbirlər daim keçirilib və keçiriləcək”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan dövləti sərhədyanı dövlətlərlə, o cümlədən Rusiya ilə bu tip əməliyyatları mütəmadi keçirməlidir: “Sərhədlər nə qədər qorunsa da, bəzən hansısa boşluqlar olur ki, ondan kriminal sahədə istifadə olunur. Bu səbəbdən də qarşılıqlı şəkildə, birgə əməliyyatların keçirilməsi əhəmiyyətlidir. Hər iki tərəfdə cinayət elementlərinin gizlənməsi, silah-sursatların daşınması, qaçaqmalçılığın olması, narkotiklərin daşınması və digər məsələlərin vaxtında aşkar olunması üçün belə tədbirlər keçirilməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sərhədyanı rayonların ərazisində əməliyyat-axtarış və profilaktik tədbirlər daim keçirilib və keçiriləcək. Ermənistanla münasibətlər normallaşandan sonra o dövlətlə də birgə əməliyyat keçiriləcək: “Məlumat üçün bildirim ki, sərhədlərin daha etibarlı qoruna bilməsi, cinayətkarlığın qarşısının alınması üçün bu cür əməliyyatlara mütləq ehtiyac var”.
Günel CƏLİLOVA