"Gözə görünən ağ xalatlı mələklər"
El arasında həkimlərə “el anası” deyirlər. Xalqımız bu sözü elə-belə yaratmayıb ki. Həkimdən, təbibdən, loğmadan dərdinə çarə tapanlar, dərman bulanlar yaradıb bu gözəl kəlamı. Nəsillərdən-nəsillərə miras qalan deyimin işığını biz də öz həyatımızda hiss etdik. Ağır pandemiya dövründə ağ xalatlı həkimlər, mələk simalı, mələk niyyətli bu peşə sahibləri sözün həqiqi mənasında fədakarlqıla insanların sağlamlığı keşiyində dayandılar. Azərbaycan həkiminin, tibb heyətinin gecəsini-gündüzünə qatıb pandemiyaya qarşı apardığı mübarizə bu gün də dillərdə dastandır.
Onlar arxa cəbhənin əsgərləri kimi vuruşurdular, ailə qayğılarını unudub həyatlarını, vaxtlarını insanların həyatını xilas etmək uğrunda fəda etdilər. Bəli, xalqımızın sağlamlığı keşiyində ləyaqətlə, yorulmadan dayanan həkimlərə vaxtı bu gün də "el anası"dır. Sözün əsl mənasında öz peşəsini ləyaqətlə yerinə yetirən həkimlərə biz insanların hər zaman ehtiyacı olub, olacaq da.
İndi isə mən sizə bir həkimdən danışmaq istəyirəm. Həkimlikdən əlavə, qayğıkeş bir insan, xəstələri ilə səmimi ünsiyyət quran, sözün əsl mənasında həkim adını özündə bütünlüklə əks etdirən Dr.Eldəniz Əliyev haqda danışmağım yəqin ki, sizə də maraqlı olar.
Eldəniz Əliyev 1996-2002-ci illərdə Azərbaycan Dövlər Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 2002-ci ildən Türkiyənin Ege Universitetinin Tibb fakültəsində ürək-damar cərrahlığı üzrə təhsilini davam etdirib və uzman doktor adını alıb. 2009-2012-ci illərdə isə İstanbulda J.F.K və Hospitaliumda ürək-damar cərrahı kimi işləyib. 2012-ci ildə Azərbaycana qayıtdıqdan sonra Mərkəzi Gömrük Hospitalında işləyib. Hazırda isə Akademik M.A Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində ürək-damar cərrahlığı şöbəsinin həkimidir. Müxtəlif ölkələrdə seminarlarda iştirak edib, 10-dan çox elmi məqalənin müəllifidir.
Aorta koronar şuntlanma,Aortal qapaq cərrahiyyəsi, Aort damar cərrahiyəsi, Aort disseksiyaları, Aort anevrizmaları, Aort damar tutulmaları, Periferik damar cərrahiyyəsi-bunların hər biri Dr.Eldəniz Əliyevin həyata keçirdiyi əməliyyatlar sırasındadır. Eldəniz həkim haqda yazmağım təsadüfi deyil. Soruşa bilərsiz ki, mən onu haradan tanıyıram? Deyim siz də bilin.
Biz Eldəniz həkimi babamın sayəsində tanıdıq. Babam ağır ürək xəstəliyindən əziyyət çəkirdi. Ürək damarlarının beşində 95-100 faiz tutulma var idi. Onun "qızıl əlləri" sayəsində babam öz sağlamlığına qovuşdu. Eldəniz doktor babamın bu əməliyyatını Zəfəran Hospitalında həyata keçirdi. Burdan da Dr.Eldəniz Əliyev başda olmaqla Zəfəran hospitalının cərrahi heyətinə göstərdikləri diqqət, nəvaziş və peşəkarlığa görə dərin minnətdarlığımızı bildiririk.
Yenidən babamın ailəmizə sağ-salamat geri dönməsinə görə biz ömür boyu Eldəniz doktora borcluyuq. Nə yaxşı ki varsız, nə yaxşı ki sizi tanıdıq. Xəstələriniz sizə, sizdə Allaha əmanət!
Nuray MƏMMƏDRZAYEVA
Bakı Slavyan Universiteti Jurnalistika Fakültəsinin I kurs tələbəsi