Azərbaycanda bu cinayətlərin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib
Avropa Şurasının “Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi”nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinə görə hesabatı açıqlanıb.
Hesabatda son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək məqbul hesab edilməklə, gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr qeyd edilib. Onlardan terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib.
Hesabatda göstərilir: “MONEYVAL qeyd edir ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və hakimiyyət orqanları terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqını uğurla aparmaq bacarıqlarını nümayiş etdiriblər. (Müvafiq qiymətləndirmə dövründə yeddi belə iş üzrə məhkum etmə həyata keçirilib). Eynilə beynəlxalq əməkdaşlıqda Azərbaycan yüksək effektivliyə nail olub, konstruktiv yardım göstərmək və digər ölkələrə müraciət etmək üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib".
MONEYVAL tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması üzrə Azərbaycanda görülən işlər ilk dəfədir yüksək qiymətləndirilir.
Qeyd edilib ki, son illər terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış cinayət işləri üzrə nəticələr üzv dövlətlərin analoji orta statistikasını əhəmiyyətli dərəcədə aşır.
Mətləb Salahov