İlham Əliyev 2018-ci ildəkindən azı 6 faiz çox səs topladı...
Bəhruz Quliyev: “2018- ci il seçkiləri ilə 2024-cü il seçkiləri arasındakı müsbətə doğru dəyişikliklər, fərq ondan ibarətdir ki, biz həmin dövrdə yalnız Prezident kimi İlham Əliyevi seçmişdiksə, bu dəfə lider və fateh sərkərdə kimi İlham Əliyev seçildi”
2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Prezidenti seçildi. 2018-ci il seçkilərində Əliyev 86,02 faiz səs almışdısa builki seçkilərdə 92,12 faiz alıb.
Maraqlıdır, artım nə ilə bağlıdır?
“Ona görə də kifayət qədər faiz fərqi müşahidə olunur"
"İkinci dəfə müstəqilliyə qovuşduqdan sonra ilk dəfədir ki, seçkilər Azərbaycanın tam ərazisində keçirilir. Bunun tarixinə baxdıqda görürük ki, sözün əsl mənasında ölkəmiz son yüzilliklərdə bu qədər müstəqil, suveren və bütöv olmayıb. Ona görə də biz bu seçkiləri Zəfər seçkiləri adlandırırıq". Bu sözləri “Bakı-Xəbər”in sualını cavablandırarkən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, Zəfər seçkilərində də, sözsüz ki, Azərbaycan xalqının seçimi dövlətimizə, xalqımıza Zəfər sevinc yaşadan Müzəffər Ali Baş Komandan olmalı idi: "2018-ci il seçkiləri ilə 2024-cü il seçkiləri arasındakı müsbətə doğru dəyişikliklər, fərq ondan ibarətdir ki, biz həmin dövrdə yalnız Prezident kimi cənab İlham Əliyevi seçmişdiksə, bu dəfə lider və fateh sərkərdə kimi İlham Əliyev seçildi. Ona görə də kifayət qədər faiz fərqi müşahidə olunur. Mən şəxsən respublika üzrə müşahidəçi olmuşam. Həmin gün respublikanın bir-birinə qonşu rayonlarının əksər seçki məntəqələrində müşahidə aparmışam. Bir qənaətim olub ki, indiyə qədər keçirilən heç bir seçkidə bu qədər izdiham olmayıb. Bu da İlham Əliyevin özünün şəxsi fəaliyyəti nəticəsində qazanılmış hörmətin, nüfuzun təzahürüdür. Ona görə də burada müqayisə olunmaz dərəcədə fərq olmalı idi. Fərq də oldu. Yəni 92, 12 elə o deməkdir ki, İlham Əliyev xalqın gözündə özünü həm Prezident, həm lider, həm də Fateh Sərkərdə kimi təsdiq edib”.
Bəhruz Quliyev sözlərinə belə davam edib: "Azərbaycan Konstitusiyasından da bilirik ki, hakimiyyətin mənbəyi xalqdır. Xalqın da gözü tərəzidir. Bu baxımdan hesab edirəm ki, reytinqin yüksəlməsi təbiidir. Yəni 2020-ci ilin zəfər tarixindən, 2023-cü ilin antiterror tədbirlərindən sonra Prezident kifayət qədər böyük hədəflərə nail olub, Azərbaycan tam şəkildə ərazi bütövlüyünü təmin edib. Bunu da dəyərləndirmək və tarixi bir fateh Sərkərdəyə bu cür hörmət göstərmək Azərbaycan xalqının borcu idi. Kim bir Azərbaycan vətəndaşı kimi bunu özü üçün borc kimi hiss edirsə, deməli cənab Prezidentə bu qədər hörmətlə yanaşıb ona öz səsini verməli və səsinin arxasında durmalı idi. İlham Əliyevin 20 illik fəaliyyəti ərzində bütün sahələrdə ciddi işlər görüldüyünə nəzər salsaq və işğaldan azad olmuş ərazilərdə möhtəşəm işlərin getdiyini, "Böyük qayıdış"ı nəzərdən keçirmək kifayətdir ki, ötən illərin seçki reytinqi ilə budəfəki reytinqin fərqinin bu qədər artımını görək ".
İradə SARIYEVA