Ermənistan Azərbaycanın daha bir layihəsinə qoşulmağa yollar axtarır...
Firdovsi Şahbazov: “Ermənistan məhz ölkəmizin imza atdığı sazişdə nəzərdə tutulan layihəyə qoşulmaq istəyir”
Ermənistan Qara dəniz elektrik kabeli layihəsinə qoşulmaq üçün çalışır. Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Nazirliyin bununla bağlı açıqlamasında deyilir ki, layihənin iştirakçısı olan bəzi ölkələrlə, o cümlədən Gürcüstanla bu mövzuda müxtəlif səviyyələrdə müzakirə aparılır. Nazirlik bildirib ki, Ermənistanın böyük potensialları (?) var və Gürcüstanın köməyi ilə Avropaya yaşıl enerji nəql edə bilər.
Olmaya, ermənilər Azərbaycanın Gürcüstan-Qara dəniz- Bolqarıstan-Macarıstan marşrutu boyunca Avropaya dənizin dibi ilə yaşıl enerji ixrac etmək layihəsindən danışır? Bir neçə ay əvvəl bununla bağlı Azərbaycanın təşkilatçılığı ilə dövlətlərarası saziş də imzalanıb. Yoxsa Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan başqa elektrik kabeli var?
“İrəvanın bu layihəyə qoşulması üçün Bakının razılığı olmalıdır”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, burada söhbət 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında imzalanan 1qvt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan sazişdən gedir: “Məsələ ondadır ki, Ermənistan məhz bu sazişlə nəzərdə tutulmuş layihəyə qoşulmaq istəyir. Özü də bu məlumat o qədər də yeni deyil. Hələ bu ilin yanvarında Gürcüstanda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında bununla bağlı ilk dəfə açıqlama verib. Paşinyan qeyd edib ki, Ermənistan hökuməti Azərbaycandan Avropaya elektrik enerjisi nəqli üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi layihəsində maraqlıdır. Onun sözlərinə görə, bölgəmiz Cənubla Şimal, Qərblə Şərq arasında çox mühüm marşruta çevrilə bilər və bunun üçün geniş imkanlar var. Ermənistan da Qara dəniz kabel layihəsinə böyük maraq göstərir. Qaribaşvili də, öz növbəsində, regional əhəmiyyətli layihələr üzərində işləməyin vacibliyini vurğulayıb və Ermənistanın sualtı elektrik kabeli layihəsində maraqlı olduğunu deyib. Görünən odur ki, Ermənistan 2022-ci ilin sonunda imzalanan sazişə qoşulmaq istəyir. Qara dənizin dibi ilə ayrıca sualtı kabelin çəkilməsi Ermənistan üçün, o cümlədən Gürcüstan üçün sərfəli ola bilməz. Birincisi, bu ölkələrin bunun üçün iqtisadi imkanı, vəsaitləri yoxdur. İkincisi, xarici sərmayədarlar bunda maraqlı olmaz. Çünki ikinci xəttin çəkilməsi iqtisadi baxımdan cəlbedici deyil. Ancaq İrəvanın bu layihəyə qoşulması üçün Bakının razılığı olmalıdır. Bu isə iki ölkə arasında münasibətlərin yoluna düşməsindən və sülh sazişindən keçir. Tərəflər arasında sülh sazişi imzalanmadan Ermənistanın bu layihədə iştirakı real görünmür”.
Vidadi ORDAHALLI