"Aydın olmayan səbəblərdən Ermənistan tərəfi danışıqları gecikdirir" - Rusiya səfiri "İzvestiya"ya danışdı
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları uzadır. Diplomat vurğulayıb ki, bu mövzu Azərbaycan tərəfi üçün çox vacibdir: “Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dayanıqlı nəqliyyat marşrutunun, nəqliyyat yollarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün əlaqələr kəsilib, Naxçıvanın elektroenerji ilə təchiz olunması dayandırılmışdı. Ona görə də Azərbaycan üçün marşrutun (təxminən 46 km-dir) təhlükəsizliyi mücərrəd mövzu deyil”.
Səfirin sözlərinə görə, bu marşrutda tunellər və körpü var: “Rusiya Federasiyası öz vəsaiti hesabına onu yetərincə tez bərpa etməyə hazır idi. Müxtəlif, mənə çox da aydın olmayan səbəblərdən Ermənistan tərəfi danışıqları gecikdirir. Nəticə olaraq, ötən il Bakı və Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair razılaşma imzalanıb. Orada bir az daha uzundur – 60 km-filan, marşrut daha mürəkkəbdir, lakin bu işlər artıq gedir. Bütün bu illər ərzində Azərbaycanla Naxçıvan arasında avtomobil yolu ilə yük daşımaları İran ərazisindən keçirdi.
Üstəlik bu Türkiyəyə gedən marşrutdur. İndi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolları çəkilsin, ikili yol nəzərdə tutulub – Avropa və sovet. Müvafiq olaraq, Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşıya biləcəyik”.
Mətləb Salahov