Qara dənizin dibində "Yaşıl elektrik" kabeli ideyası Azərbaycana məxsusdur və Ermənistan ona necə qoşula bilər?!..
Ermənistanın Qara dənizdə Gürcüstanın vasitəçiliyi ilə qoşulmaq istədiyi sualtı "yaşıl elektrik kabeli" layihəsi nə deməkdir? Açığı, çox təəccüb elədim. Ermənistanın İnfrastruktur Nazirliyinin yaydığı xəbərlə tanışlıq məni araşdırma aparmağa məcbur etdi. Qara dənizdə bu nə kabeldir? Məgər Qara dənizdə Gürcüstanın belə kabeli var?
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Bildiyim qədər, 2022-ci ilin 17 dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın arasında "Yaşıl enerji" dəhlizinin yaradılması barədə saziş imzalandı. Hətta "Yaşıl enerji" dəhlizinin Məşvərət Şurası da təsis edildi və 2023-cü ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası ilə bərabər "Yaşıl Dəhlizin" Məşvərət Şurasının da iclası keçirildi.
"Yaşıl Dəhliz" Azərbaycanın külək, günəş və hidrogen elektrik enerjisinin Gürcüstan üzərindən Qara dənizin dibi ilə Avropaya çəkiləcək elektrik kabel xətti ilə nəqlini nəzərdə tutur. Necə, Ermənistan da buna qoşulmaq istəyir? Mən Qara dənizdə başqa "Yaşıl enerji" kabelinin olduğunu və ya planlaşdırıldığını bilmirəm .
Elə isə nə baş verir? Bu bizim Prezidentin 2022-ci ilin 17 dekabrında Buxarestdə imzaladığı Sazişə uyğun dəhlizdirsə, Ermənistanın birdən-birə ona qoşulması xəbəri haradan çıxıb?..
Tahir TAĞIYEV