Təhsil sistemimiz ölkənin iqtisadi tələbatına cavab vermir...
Kamran Əsədov: “Azərbaycanın təhsil müəssisələri özləri özlərini saxlamaq gücündə deyil”
“Azərbaycan təhsil sistemi bu gün ölkə iqtisadiyyatının ehtiyacları ilə uyğun gəlmir”. Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, Energetika və ekologiya komitələrinin iclasında 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə bildirib.
O deyib ki, Azərbaycan təhsil sistemi ölkə iqtisadiyyatının ehtiyaclarına cavab vermir: “Bu məsələlərə ciddi baxılmalıdır. Həm ali təhsil, həm də peşə təhsili istiqamətində ciddi işlər görülməlidir".
Qeyd edək ki, ekspertlər də eyni fikirdədir. Mütəxəssislər də təhsil müəssisələrinin özünü maliyyələşdirə bilməməsindən narazılıq edir.
“Təhsilin saxlanılmasına bu il 4,4 milyard manat pul xərclənir və xərclənəcək, təəssüf ki, həmin pullar geri qayıtmır”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan təhsil sistemi ölkənin marağına adekvat deyil: “Təhsil sistemi ölkə iqtisadiyyatına pul gətirmək və vətəndaş yetişdirmək formatını yerinə yetirir. Məlumdur ki, Azərbaycanın təhsil ocaqlarının hamısı dövlət büdcəsindən asılıdır. Hər gün 2,2 milyon nəfər müxtəlif təhsil pillələrində təhsil almaq üçün təhsil müəssisələrinə gedir. Dövlət də onların hamısına pulsuz təhsil verir, əvəzində isə heç nə qazanmır. Vətəndaş, kadr yetişdirmək məsələsində də problemimiz var. Necə ola bilir ki, yerli ali təhsil müəssisələrinin məzunlarını imtahanla işə qəbul edirik, amma xarici ölkədə oxuyanları imtahansız? Deməli, öz ali təhsil müəssisələrimiz və məzunlarımıza etibar etmirik. Təhsilin saxlanılmasına bu il 4,4 milyard manat pul xərclənir və xərclənəcək. Təəssüf həmin pullar geri qayıtmır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycanın təhsil müəssisələri özləri özlərini saxlamaq gücündə deyil: “Ali təhsil müəssisələri məzunlarının cəmi 42 faizi ixtisası üzrə işləyə bilir. Bu isə o deməkdir ki, keyfiyyət 50 faizin altındadır. Məhsul istehsal edə bilmirik. Təhsili də pulla alırıq. Deməli, Azərbaycan təhsili ölkə iqtisadiyyatına adekvat deyil. Bu kimi problemlərin həll olunması üçün universitetlərin tədris proqramı, materiallar dəyişməlidir”.
Günel CƏLİLOVA