Elektrik avtomobillərinin sığorta haqqı hansı əsasla 50 faiz qaldırıldı?..
İlkin İbrahimov: “Elelktrik mühərriki ilə hərəkət edən nəqliyyat vasitələrinin sığorta haqqı 75 manat olub, bu da normaldır”
Elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün sığorta haqqı qaldırılıb. Bu avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta haqlarında edilən dəyişiklikdə öz əksini tapıb. Yeni qaydalara əsasən, Azərbaycanda elektromobillərin icbari sığorta haqqı dəqiqləşdirilib. Belə ki, elektrik avtomobilləri üçün icbari sığorta haqqı 50 faiz artırılaraq 75 manat müəyyən edilib. Bu isə avtomobil sahibləri arasında narazılığa səbəb olub.
“İcbari Sığortalar Haqqında” Qanunun tarif cədvəlində elekromobil haqqında heç nə yox idi, ancaq indi …”
Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “İcbari Sığortalar Haqqında” Qanunun tarif cədvəlində elekromobil haqqında heç nə yox idi. Tarif cədvəlində baza məbləği vahid rəqəm olaraq 50 manat qeyd edilmişdi: “Baza məbləği 50 manat olduğu üçün bunu 1,5 vuranda 75 manat edir. Bu da elektromobillər üçün normaldır”.
Ekspert onu da əlavə etdi ki, digər dəyişiklik yük avtomobillərinə aiddir. Yükgötürmə qabiliyyəti 3,5 tonadək olan avtomobillərdə sığorta haqqı dəyişməyib - baza məbləğinin 3 mislidir, yəni 150 manat. Amma 3,5-7,5 tonluq avtomobillərin sığorta ödənişi məsələsində dəyişiklik var. Bu dəyişiklik əslində vətəndaşların xeyrinədir: “Əvvəl 7 tona 250 manat müəyyən edilmişdi. Ancaq indi sığorta haqqının 250 manat olması yalnız 7,5 tondan artıq yükgötürmə qabiliyyəti olan maşınlara aid olacaq. Təbii ki, bu da vətəndaşların xeyrinə olacaq”.
Günel CƏLİLOVA