7 Fevral seçkisinə müşahidəçi göndərmiş tək ölkə - Avropada Macarıstandan başqa dostlarımız...
Mübariz Göyüşlü: “Bir sıra Avropa ölkələrinin Azərbaycan və türk-islam ölkələrinə qarşı hər zaman aqressiyası olub”
Məlum olduğu kimi, 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün xarici ölkələrdən çoxlu sayda müşahidəçi gəlmişdi. Gürcü ekspert və aparıcı Georgi Saralidze Azərbaycanda növbədənkənar prezident seçkiləri barədə maraqlı fikir bildirib. O qeyd edib ki, seçkilərə Avropa İttifaqından müşahidəçilər gəlməyib, lakin Braziliya, Vyetnam, Cənubi Koreya, Yaponiyadan müşahidəçilər olub: “Müxtəlif ölkələrdən çoxlu müşahidəçilər, o cümlədən Rusiyadan deputat Leonid Kalaşnikovun başçılıq etdiyi kifayət qədər böyük nümayəndə heyəti var idi. Seçkilərə xeyli jurnalist gəldi. Macarıstandan olan jurnalistlərlə danışdım, səhv etmirəmsə, bu, müşahidəçi göndərən yeganə Avropa ölkəsi idi”.
Maraqlıdır, Avropa ölkələri sırasında niyə tək Macarıstandan müşahidəçi gəlib? Axı Azərbaycanın əksər Avropa ölkələri ilə yaxşı siyasi, iqtisadi münasibətləri var. Danılmaz faktdır ki, Azərbaycan Avropa ölkələrini neft və qazla təmin edir. Həmçinin, Azərbaycanın 11 Avropa ölkəsi ilə əməkdaşlaşlıq sazişi var. Belə olduğu halda niyə Avropa ölkələrindən Azərbaycana müşahidəçi gəlməyib?
“Avropa ölkələri bilərəkdən 7 fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləmək üçün müşahidəçi göndərməyib”
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir sıra Avropa ölkələrinin Azərbaycan və türk-islam ölkələrinə qarşı hər zaman aqressiyası olub: “Uzun müddətdir ki, Qərb ölkələri islamafobiya, türk ölkələrinə qarşı xoş olmayan münasibət nümayiş etdirir. Ancaq son vaxtlar Avropa ölkələrində Azərbaycana qarşı da fobiya formalaşıb. Çünki bu ölkələr Azərbaycanın qüdrətini, inkişafını həzm edə bilmir. Danılmaz faktdır ki, Qərb ölkələri heç vaxt müsəlman türk ölkələrinin inkişafını istəməyib. Onların canında bir qorxu var. Qərb ölkələrinin Azərbaycana demokratiyadan danışmağı və bu haqda dərs deməyi gülüncdur. Çünki dünyanı bir-birinə qatan, müharibələrin səbəbkar məhz Avropadır”.
Həmsöhbətimiz hesab edir ki, Avropa ölkələri bilərəkdən 7 fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləmək üçün müşahidəçi göndərməyib. Onlar, guya öz aləmlərində bu seçkini tanımır, ona görə də müşahidəçi göndərmir: “Ancaq unutmasınlar ki, onların düşüncəsi bizi qətiyyən maraqlandırmır. Azərbaycan haqlı mövqeyindən heç vaxt dönməyəcək. Azərbaycan dövləti inkişaf edir və edəcək də”.
Günel CƏLİLOVA