Aİ-nin Ukraynaya güzəşti Avropa fermerlərini ayağa qaldırdı - “Brüssel bizə xəyanət etdi”, “Ukrayna taxılını istəmirik”
Avropanın bir çox ölkəsində fermerlərin etirazları davam edir. Macarıstanda fermerlər Ukrayna ilə sərhəddəki Zahoni şəhəri yaxınlığında etiraz aksiyası keçiriblər. Avropa Komissiyasının Ukraynada istehsal olunan məhsulları daha bir il gömrük rüsumundan azad etmək qərarına etiraz edən fermerlər sərhədə gedən yolu bağlayıblar.
Macarıstan fermerlər birliyi MAGOSZ tərəfindən təşkil edilən etiraz aksiyasında nümayişçilər “Brüssel bizə xəyanət etdi”, “Ukrayna taxılını istəmirik”, “Aqrar sövdələşmə intihardır” və “Yaxşı, gəlin Ukraynaya kömək edək, amma Aİ-də kənd təsərrüfatını məhv etməklə yox” kimi pankartlar daşıyıblar".
Macarıstan fermerləri ilə yanaşı, polşalı fermerlər də Aİ-nin Ukrayna və aqrar siyasətlərinə qarşı etiraz aksiyası keçiriblər. Polşanın Ukrayna ilə sərhədindəki Hrebenne, Dorohusk və Medyka sərhəd qapıları yaxınlığında keçirilən nümayişlərdə fermerlər nəqliyyatın dayanmasına və ya ciddi şəkildə axsamasına səbəb olub. Fermerlər çoxu Polşa bayraqları ilə bəzədilmiş traktorlarla ölkə daxilində 256 nöqtədə yolları bağlayıblar.
İspaniya və Belçikada da fermerlər Brüsselin kənd təsərrüfatı siyasətinə qarşı etiraz aksiyaları təşkil ediblər.
TAHİR