“Xalq qəzeti”nin əməkdaşı Zərifə Hüseynovanın 70 illik yubileyi ilə bağlı toplantı keçirilib - FOTO
Azərbaycan Mətbuat Şurasında “Xalq qəzeti”nin əməkdaşı Zərifə Hüseynovanın (Zərifə Bəşirqızı) 70 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Z.Bəşirqızı jurnalistikanın çətinliklərinə qatlaşan, daim peşənin təəssübünü çəkən qələm adamlarındandır.
R.Məcid Z.Bəşirqızının “Adın şərəflidir” rubrikası altında ölkənin ictimai-siyasi həyatında fəal rol oynamış qadınların taleyindən maraqlı və oxunaqlı yazılar qələmə almasını xatırladıb, onun bu gün də məhsuldarlığı ilə seçildiyini vurğulayıb. MŞ sədri yubilyar qələm sahibinə Şuranın diplomunu təqdim edib.
MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Əməkdar jurnalist Telli Pənahqızı, “Şöhrət” ordenli əməkdar jurnalist Flora Xəlilzadə və digər çıxışçılar yubilyar haqqında xoş sözlər səsləndirib, yaradıcılığında uğurlar arzulayıblar.
Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, yazıçı, publisist və şair Əkbər Qoşalı təmsil olunduğu qurumun sədri Fazil Mustafanın Z.Bəşirqızına təbrik məktubunu çatdırıb, ona uğurlar arzulayıb.
Sonda çıxış edən Zərifə Bəşirqızı özü haqqında yüksək qədirbilənliklə səslənmiş fikirlərin onu daha da ruhlandırdığını deyib, əməyinə verilən qiymətə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.