Ermənilər müasir İranın Urmiya gölünə də göz dikiblər...
Təbriz Musayev: “Urmiyaya ona görə iddia edirlər ki, ora tarixi yurdumuzdur”
Ermənistan indi də faktiki olaraq İrana qarşı ərazi iddiası irəli sürür. Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Vahan Aleksanyan jurnalistlərin konstitusiyada Qarabağın Ermənistana birləşdirilməsi iddiasına görə dəyişdirilməsi ilə bağlı sualına belə cavab verib:
“Bizim Van gölünə iddiamız varsa, Urmiya gölünə niyə olmasın? Kim dedi ki, ərazi iddiaları yalnız Vanla bağlı olmalıdır? Məsələn, Urmiya gölünə aid edilməməlidir? ”.
Hələ bu, hakim partiyanın təmsilçisidir. Gör indi revanşistlər, xəstə daşnak ideologiyası ilə zəhərlənənlər hansı mövqedən çıxış edirlər. Bu, bir daha erməni toplumunun necə xəstə olmasının göstəricisidir.
“Belə iddialar səsləndirməklə öz mənfur planlarını gələcəyə saxlayırlar”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, əsla bu kimi açıqlamalardan təəccüblənmək olmaz: “Ona görə ki, erməni toplumu xəstə bir cəmiyyətdir. Ermənilərdən olsa deyərlər ki, Avstraliya da bizimdir. İndiyə qədər Ermənistanın həmsərhəd olduğu 4 dövlətdən 3-nə qarşı – Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etdiyi məlum idi. Türkiyənin 7 vilayətinə Ermənistanın ərazi iddiası ölkə Konstitusiyasında öz əksini tapıb, gerbində simvolizə edilir. Azərbaycanla bağlı isə damışmağa dəyməz. Çünki bununla bağlı hər şey ortadadır. Qarabağın 30 il işğal altında qalması, Ermənistandakı dədə-baba torpaqlarımızdan soydaşlarımızın qovulması bir daha reallığı ortaya qoyur. O cümlədən, Ermənistan Gürcüstanın Cavaxetiya bölgəsinə iddia edir. Orada kompakt yaşayan ermənilərdən bu məqsədlə istifadə edir. Əgər ermənilərin Rusiya və dünyaya çıxışı Gürcüstan vasitəsilə olmasaydı, əminəm ki, orada da separatizmi Qarabağdakı kimi alovlandırardılar. Sadəcə, hələlik belə bir imkanları yoxdur. İrana gəldikdə isə bu, cür iddialar bir qədər yenidir. Məsələ ondadır ki, fars şovinistləri Ermənistanı hər zaman himayə etdikləri üçün rəsmi İrəvan bu məsələdə ehtiyatlı olub. Açıq şəkildə İrana qarşı belə bir iddia ilə çıxış etməyiblər. İndi erməni tərəfi Urmiyaya ona görə iddia edir ki, ora tarixi yurdumuzdur. Urmiya Cənubi Azərbaycanın tarixi-mədəni incilərindən biridir. Ermənilər yaxşı bilir ki, gec-tez tarixi ədalət zəfər çalacaq və Güneydəki soydaşlarımız azadlığa qovuşacaq. Ona görə də indidən belə iddialar səsləndirməklə öz mənfur planlarını gələcəyə saxlayırlar. Baxmayaraq ki, Qarabağda bunlar böyük məğlubiyyətə uğrayıblar. Ancaq erməni toplumu çox məkrli bir cəmiyyət olduğu üçün onlardan nə desən gözləmək olar”.
Vidadi ORDAHALLI