Ukrayna və Qəzzanın taleyi ABŞ-da hakimiyyət savaşlarının girovuna çevrildi...
Əli Mustafa: “Daxili siyasi mübarizə Ukraynanın vəziyyətini daha da dramatikləşdirir”
ABŞ prezidenti Co Bayden, Konqresin qəbul etdiyi qanunda Ukraynanın maliyyələşdirilməsi olmasa, İsrailə yardım qanununa veto qoyacaq.
Bu barədə Ağ Evin bəyanatında deyilir: “Administrasiya israrla Konqresin hər iki palatasını bu siyasi fənddən imtina etməyə və əvəzində büdcə ayırmalarına əlavə olaraq fövqəladə milli təhlükəsizlik tədbirlərinə dair ikipartiyalı qanunu mümkün qədər tez prezident masasına qoymağa çağırır”.
Bəyanatda qeyd edilir ki, respublikaçıların İsrailin maliyyələşdirilməsinə dair ayrıca səsvermə planlaşdıran paketi nə ABŞ-ın milli təhlükəsizlik problemlərinin həllinə, nə İsrail, nə də Ukraynaya yardıma xidmət edir. Məlumatda bəyan olunur ki, prezidentə Kiyevə dəstəyi nəzərdə tutmayan qanun layihəsi təqdim olunsa, o həmin sənədə veto qoyacaq. Bu arada Konqresin Nümayəndələr Palatası İsrailə 17.6 milyard dollar yardım nəzərdə tutan qanun layihəsini qəbul edə bilməyib.
Görünən odur ki, dünya xalqlarının taleyini ABŞ daxilində hakimiyyət uğrunda gedən mübarizənin ixtiyarına buraxıblar. Necə deyərlər, Respublikaçılarla Demokratlar bir-birini qırır, ortada Ukrayna ilə İsraili qızışdırıb salıblar ortalığa və faktiki olaraq siyasi alver gedir.
“Respublikaçılar Baydeni məğlub etməkdən ötrü Kiyevə yardıma dəstək vermirlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa buna bir neçə prizmadan yanaşdı: “Birləşmiş Ştatlarda baş verən bu hadisələr müəyyən qədər gözlənilən idi. Həm də gözlənilməz idi. Daha çox belə optimist yanaşma var idi ki, Demokratlarla Respublikaçılar razılaşıblar. Onlar həm Ukraynaya, həm də İsrailə dəstək verəcəklər. Ancaq sonradan bu razılaşmaların pozulduğu anlaşıldı. Xüsusən bu məsələdə sabiq prezident Donald Tranpın mövqeyi fərqlidir. O, Ukraynaya yardımı dəstəkləmir və Respublikaçıları bundan çəkindirməyə çalışır. İlk dövrlərdə Nümayəndələr Palatasının sədri Conson buna razılaşsa da, sonradan onu fikrindən daşındırdılar. Düzdür, bu məsələ Nümayəndələr Palatasında müzakirəyə çıxarılmayıb, amma Senatdan keçməyib. Burada problem ondadır ki, ABŞ prezident seçkisinə hazırlaşır. Respublikaçılar Baydeni məğlub etməkdən ötrü Kiyevə yardıma dəstək vermirlər. Hesab edirlər ki, Ukrayna uğur qazansa, bu, Baydenin xeyrinə işləyəcək. Respublikaçıların əsas siyasəti odur ki, ölkədaxili problemlərə daha çox diqqət ayrılmalıdır. Bununla bağlı büdcədən vəsaitlər ayrılmalıdır. İsrail məsələsinə gəldikdə isə, hər iki partiyada yəhudi lobbisi güclüdür. Lakin Ukrayna məsələsində yaranan fikir ayrılığı hansısa formada İsrailə yardımın göstərilməsini bloklayır. Bir sözlə, daxili siyasi mübarizə Ukraynanın vəziyyətini daha da dramatikləşdirir. Bunu görən Rusiya daha amansız hücum edir, şəhərləri dağıdır. ABŞ-da keçirilən sorğulara görə, əhalinin 68 faizi Ukraynanı dəstəkləyir. Ancaq Respublikaçılar Partiyası məsələyə fərqli yanaşır, o biri tərəfdən də seçki işi çətinləşdirir. Həm də uğursuzluqları Baydenin ayağına yazmaq istəyirlər. Hesab edirlər ki, Rusiya təşəbbüsü ələ alsa Baydenin məğlub olması qaçılmaz olacaq. Hələ ki, Respublikaçılarla Demokratların anlaşacaqları görünmür”.
Vidadi ORDAHALLI