Tatarıstan Rəisi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu seçkilərin yekunları Sizin ölkə vətəndaşları arasında danılmaz nüfuzunuzu, onların rəhbərliyinizlə fəal çalışmağa və strateji sosial-iqtisadi vəzifələri həll etməyə hazır olduqlarını göstərdi. Vətəndaşlarınız Sizə dövlətin taleyini və öz gələcəklərini etibar ediblər. Bu, hazırkı qlobal qeyri-sabitlik şəraitində xüsusilə qiymətlidir və Sizin güclü, təcrübəli dövlət xadimi, uzaqgörən, istedadlı siyasətçi kimi möhkəm nüfuzunuzun parlaq təsdiqidir. Sizə səmimi-qəlbdən böyük nailiyyətlər və Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişafı üzrə bütün strateji məqsədlərə nail olmağı, xalqınızın rifahı naminə davamlı fəal işinizdə enerji və ruh yüksəkliyi arzulayıram.
Ümidvaram ki, bizim birgə səylərimiz sayəsində Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Tatarıstan ilə Azərbaycan arasında ənənəvi qarşılıqlı faydalı əməkdaşlığın çoxtərəfli potensialı gələcəkdə də məhsuldar şəkildə həyata keçiriləcək. Əminəm ki, qardaş xalqlarımız arasında çoxplanlı sıx əlaqələr ümumilikdə sülhün və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə olan mühüm töhfədir.
Sizə möhkəm cansağlığı, uğurlar və səadət diləyirəm".