Ərzaq istehsalçıları gəlir, əmlak, torpaq vergisindən azad edildilər...
Xalid Kərimli: “Vergi güzəşti müsbətdir, amma qiymətlərə ciddi təsir etməyəcək”
Azərbaycanda xaricdən gətirilən bir sıra ərzaqlar yerli istehsal ərzaqlarla əvəz olunacaq. Bununla bağlı qida istehsalçılarına vergi güzəştləri ediləcək.
Vergi Məcəlləsinə əsasən, idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən hüquqi və fiziki şəxslərin 7 il müddətinə əldə etdikləri gəlirin 50 faizi vergidən azad edilib. Onlar, həmçinin, həmin fəaliyyət prosesində istifadə edilən əmlaka görə əmlak vergisini, torpaqlara görə torpaq vergisini ödəməkdən azaddırlar.
Bu ilin yanvar ayında Nazirlər Kabineti idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının siyahısını təsdiq edib.
Ekspertlər hesab edir ki, yerli istehsalın genişlənməsi yeni iş yerlərinin açılmasına, məşğulluğun artmasına və daxili bazarda ərzaqların qiymətinin ucuzlaşmasına səbəb olacaq.
Maraqlıdır, bu addım yerli istehsalın genişlənməsinə necə təsir göstərəcək? Vergi güzəştləri nəticəsində daxili bazarda ərzaqlar ucuzlaşa bilərmi?
“Vergi güzəştləri qida istehsalçılarının maliyyə imkanlarını yaxşılaşdıracaq, onlara dəstək verəcək, ancaq bu…”
İqtisadçı-ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yerli istehsalın artması nəticəsində ərzaqların ciddi şəkildə ucuzlaşacağını gözləmək lazım deyil: “Etiraf etmək lazımdır ki, vergi güzəştləri qida istehsalçılarının maliyyə imkanlarını yaxşılaşdıracaq, onlara dəstək verəcək. Ancaq bu, xərclərin əhəmiyyətli azalması demək deyil. Yerli istehsalın olması hələ qiymətlərin ucuzlaşması demək deyil. Məsələn, heyvandarlıqda yerli istehsal var, lakin ətin qiyməti ucuzdurmu? Onu da nəzərə almaq lazımdır lki, avadanlıqlar xaricdən gətirilir. Qiymət ucuz olanda sahibkar istehsalı genişləndirməkdə çox da maraqlı olmur. Həmin sahibkarın dünya bazarlarına çıxmaq imkanları da olmalıdır ki, istehsalını böyütsün".
Ekspert hesab edir ki, vergi güzəşti müsbətdir, amma qiymətlərə ciddi təsir etməyəcək.
Günel CƏLİLOVA