Diasporumuzun seçki fəallığının ayrıca səbəbləri var...
Samir Adıgözəlli: “Xaricdə yaşayan soydaşlarımızın seçkidə aktiv iştirak etməsinin səbəbi onların daxilindən gələn istəklə bağlıdır”
Məlum olduğu kimi, Prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 məntəqədə səsvermə keçirilib. Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə əlaqədar xarici ölkələrdə yaradılan seçki məntəqələrində seçicilər fəal iştirak edib.
Seçici fəallığı ən çox Türkiyə və Ukraynada müşahidə olunub. Müharibə şəraiti olmasına baxmayaraq, Ukraynada yaşayan soydaşlarımız böyük həvəs və maraqla seçki məntəqəsinə gələrək, öz namizədlərini seçiblər.
Qeyd etdiyimiz kimi, seçici fəallığı xarici ölkələrdə də müşahidə olunub.
“Xaricdə yaşayan həmvətənlərimizin seçkidə fəal iştirak etməsi azərbaycançılığa, dövlətimizə olan münasibətdən irəli gəlir”
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 7 fevral tarixində keçirilən Prezident seçkilərinə, Azərbaycanda olduğu kimi, xarici ölkələrdə də böyük maraq olub: “Həmin gün İstanbulda idim. Səsimi də İstanbulda yaradılan seçki məntəqəsində verdim. Məlumat üçün deyim ki, konsulluqda böyük növbə var idi. Soydaşlarımız böyük həvəslə seçkidə iştirak edirdi. Onu da deyim ki, Ukraynada yaşayan soydaşlarımız da sevinclə seçkidə iştirak edib. Həmin bölgədə müharibə olmasına baxmayaraq, insanlar bölgələrdən Kievə gələrək səsvermədə iştirak ediblər. Xaricdə yaşayan həmvətənlərimizin seçkidə fəal iştirak etməsinin səbəbi azərbaycançılığa, dövlətimizə olan münasibətdən irəli gəlir. Azərbaycanın əvvəllər işğal olunmuş bütün torpaqlarını azad edib, ölkənin bütün suveren ərazisini tam nəzarətə götürməsindən sonra keçirilən ilk seçkilərdir. Azəbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası insanlarda ruh yüksəlişinə səbəb oldu. Xaricdə yaşayan soydaşlarımız Prezident seçkisində birlik nümayiş etdirdi”.
S.Adıgözəlli hesab edir ki, xaricdə yaşayan soydaşlarımızın seçkidə aktiv iştirak etməsinin səbəbi onların daxilindən gələn istəklə bağlıdır. Burada diasporun hər hansı bir rolu yoxdur. Insanlar öz istəyi ilə seçkiyə gedərək Azərbaycanın gələcəyinə səs verdi.
Günel CƏLİLOVA