İfrat sağçıların Hitler Almaniyasını xatırladan dəhşətli qırğın planı – yəhudilər və mühacirlər gettolara göndərilməli, qadın və uşaqlar güllələnməli...
Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının qalmaqalları bitmir. Zaman-zaman gizli toplantılar təşkil edən və Almaniyadakı mühacirləri ölkədən çıxarmağı planlaşdıran partiya günü-gündən daha qəddar qərarlar verir. AfD-nin daha bir gizli toplantısına sızan RTL televiziyasının reportyorları yeni qalmaqalları üzə çıxarıb.
Jurnalistlər “İkinci Dünya Müharibəsi qəhrəmanlarının” xatirəsini yad etmək üçün AfD-nin toplantısına kimliklərini gizlədərək daxil olublar. Alman mətbuatında böyük əks-səda doğuran xəbərdə yığıncaqda “yəhudiləri və digər mühacirləri gettolara həbs etrməyi, buna əməl etməyən qadın və uşaqları güllələməyi” nəzərdə tutan planın müzakirə edildiyi bildirilir.
Hitler Almaniyasını xatırladan planda “yəhudilərin bir bölgəyə həbs edilməsi və çölə çıxmasına icazə verilməməsi” kimi təkliflərin səsləndirdiyi və müzakirə edildiyi bildirilib. Bundan əlavə, görüşdə mövzulardan biri də bütün mühacirlərin ölkəni tərk edənə qədər həbs edilməsi və onlara az yemək verilməsi olub.
İclasda bir nəfər bu əmələ etirazlar qarşısında zorakılığa hazır olmağa çağırıb və “Dövlət olsaydım, qadın və uşaqları belə güllələyən könüllüləri işə götürərdim” deyib.
Məlum olub ki, bir çox iştirakçı Hitlerin “Mayn Kampf” (Mənim mübarizəm) kitabının məktəblərdə məcburi tədris edilməsini və almanların ən azı 4 uşaq sahibi olmasını təklif edib.
Almaniya bu qalmaqallı planlardan sarsılsa da, AfD toplantı ilə bağlı verdiyi açıqlamada təşkilatlarında konstitusiyaya zidd fikirlərin olmadığını iddia edib.
Bir müddət əvvəl AfD-nin “Vətəndaş olmayanların Almaniyadan kütləvi şəkildə deportasiyası” planının ortaya çıxması ilə ölkədə yüz minlərlə insan küçələrə çıxıb və böyük etiraz aksiyaları keçirilib. Ölkənin hər yerində yüz minlərlə insanın iştirakı ilə ifrat sağçılara qarşı nümayişlər keçirilib.
Tahir TAĞIYEV