Bakı - Sumqayıt yoluna görə deputatla AYNA bir-birinə qarşı çıxdılar...
Aslan Əsədov: “Bu zolaqlar üzrə sərnişinlərin və avtobus sürücülərinin səfər müddəti maksimum azalıb desək, yanlış olar”
Bakı-Sumqayıt yolunda yaradılan avtobus zolaqları effektiv olmaq əvəzinə əlavə problemlər yaradıb. Bunu deputat Hikmət Babaoğlu Milli Məclisin ötən iclasında çıxışı zamanı deyib.
H.Babaoğlu bildirib ki, Bakı-Sumqayıt yolunda yaradılan avtobus zolaqları tıxacları artırıb, avtobuslar gecikir, çəkilən zolaqlar faydalı nəticə verməyib: “Digər tərəfdən, velosiped zolaqları ilə bağlı da çatışmazlıqlar mövcuddur. Zolaqlar bir tərəfdən avtomobillərin hərəkətinə problem yaradır, digər tərəfdən isə velosipeddən istifadə edən şəxslərin təhlükəsizliyi heç də tam təmin olunmur. Yollarımızda əsaslı yenidənqurma işləri aparılmadan bu yenilikləri tətbiq etmək faydalı deyil. Gələcəkdə avtomobil yollarının idarə olunması ilə bağlı bizə yeni qanun lazımdır”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə millət vəkilinin məlum fikri ilə razılaşmır. AYNA-nın məlumatında qeyd edilir ki, avtobus zolaqları avtobusla sərnişin daşımaları zamanı şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir: “İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır”.
“Bakı, istərsə də Sumqayıt istiqamətlərində xüsusi zolaqların təşkili ümumi vaxta təsir edən amillər sırasındadır”
Nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, istər Bakı, istərsə də Sumqayıt istiqamətlərində xüsusi zolaqların təşkili ümumi vaxta təsir edən amillər sırasındadır: “Ancaq hər iki istiqamət üzrə zolaqların çəkilişi tamamlanmayıb. Ona görə də faktiki olaraq bu zolaqlar üzrə sərnişinlərin və avtobus sürücülərinin səfər müddəti maksimum azalıb desək, yanlış olar. Bu səbəbdən də vaxt itkisini minimuma endirmək lazımdır. Məsələn, Xırdalan dairəsi, Şamaxinka və digər tərəflərə yeni zolaqlar çəkilməlidir. Bununla gələcəkdə sürəti artırmaq və intervalı azaltmaq mümkün olacaq. Lakin hadisənin yaxın zamanlarda baş verməsi gözlənilən deyil. Çünki həmin istiqamətlərdə sərnişin axını daha çox olmalıdır ki, tələbat yaransın. Hazırki vəziyyətə uyğun olaraq isə vətəndaşlar avtobusla təmin olunub".
Günel CƏLİLOVA