Qarabağda erməni mina terrorunun yeni antibəşəri məzmunları üzə çıxır...
Akif Nağı: “Ermənilər bilərəkdən minaları mülki əhalinin istifadə etdiyi yollara, ərazilərə döşəyib”
Qarabağ münaqişəsi həll olunsa da, Ermənistanın Azərbaycana qarşı terror siyasəti davam edir. Bu ölkə hazırda Azərbaycana qarşı mina terroru siyasəti həyata keçirir. Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalar hər gün günahsız insanların canını alır, sağlamlığına ziyan vurur.
Bu faciələrin hər biri Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir. Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda mina qurbanlarının sayının artmasına diqqət çəkib.
“Azərbaycanın mina qurbanları artmaqda davam edir. Ermənistan 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarına milyonlarla mina basdırıb. Mina hadisələri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş təmas xəttinin arxasında, xüsusən də, hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. Bu, mülki əhaliyə qarşı terror törətmək və onları öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün “kütləvi qırğın silahı” məntiqi ilə minalardan qəsdən və fərq qoymadan istifadə olunmasının sübutudur”, – deyə H.Hacıyev bildirib.
“Beynəlxalq təşkilatlar, dünya ölkələri bu mövzu ilə bağlı Ermənistana sərt münasibət göstərməlidir”
Mövzu ilə bağlı fikir bildirən Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, minalarla bağlı məsələ səngimək bilmir. Çünki ermənilər bütün mövzularda olduğu kimi, minalarla bağlı məsələdə də qeyri-səmimidir: “Onlar mina xəritələrinin verilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirir. Gah deyirlər ki, mina xəritələrini verəcəklər, ya da verdiklərini bəyan edirlər. Ümumiyyətlə, ermənilər mina xəritələrini ölkəmizə qarşı istifadə edir. Ancaq Azərbaycan tərəfi bu mövzu ilə bağlı öz mövqeyini qəti şəkildə bildirib. Onu da deyim ki, ermənilər minaları hərbi obyektlərdə yox, mülki insanların gediş-gəlişi olan yerlərə basdırıb. Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də deyir. Ermənilər bilərəkdən minaları mülki əhalinin istifadə etdiyi yollara, ərazilərə qoyub. Onların məqsədi başqadır. Ermənilər Azərbaycanın yerli əhalisini qırmaq istəyir, mülki əhalini qorxutmaq istəyirlər ki, insanlar öz yurdlarına geri dönməsin. Ancaq onlar başa düşmür ki, bu prosesin qarşısını heç nə ala bilməyəcək. İnsanlar öz torpağına mina təhlükəsi olsa belə qayıdır, qayıtmaq istəyir”.
Partiya sədri bildirir ki, ermənilər dinc əhaliyə mina terroru yaşadır: “Beynəlxalq təşkilatlar, dünya ölkələri bu mövzu ilə bağlı Ermənistana sərt münasibət göstərilməlidir. Ermənistan beynəlxalq hüquq normalarına görə cəzalandırılmalıdır”.
Günel CƏLİLOVA