Region ölkələri Əliyevin inamlı qələbəsini bu səbəbdən fəal dəstəklədi...
Tural İsmayılov: “Azərbaycan regional baxımdan çox vacib ölkə olduğu üçün belə yüksək diqqət göstərildi”
2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Prezident seçkiləri bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır.
Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu.
Seçkilərdən dərhal sonra region ölkələrinin başçıları İlham Əliyevi ilk dəqiqələrdən təbrik etdilər. Belə ki, Türkiyə, Çin, Pakistan, Özbəkistan, İraq, Qazaxıstan, İran, Rusiya dövlət başçıları İlham Əliyevi təbrik etdilər. Bir sözlə, dövlət başçısına təbriklərin ünvanlanmasında region ölkələri daha aktiv oldular.
Maraqlıdır, Azərbaycanın regional siyasətində dövlətlər üçün əsas cəlbedici cəhətlər nədir?
“Həm coğrafi konturlar baxımından, həm də geostrateji mövqe baxımından ölkəmizin çox yaxşı mövqeləri var”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əlbəttə ki, cənab İlham Əliyevin qələbəsi müstəsna əhəmiyyətə malikdir. Çünki Azərbaycan tarixi bir gündə növbədənkənar pezident seçkilərini keçirdi. İlk dəfə idi ki, bütün suveren ərazimizdə belə bir möhtəşəm seçki keçirildi. Həmçinin nəzərə almaq lazımdır ki, qış ayı olmasına baxmayaraq, 2024-cü ilin dünyada qlobal seçki marafonlarının ili kimi xarakterizə edildiyi bir dövrdə seçki keçirildi. Hamının diqqətinin, xüsusən də qələbədən sonra üzərinə cəmləşdiyi Azərbaycanın dünya ölkələrinə örnək olan mükəmməl səviyyədə seçici aktivliyi ilə seçkilərin təşkil edilməsi önəmli hadisə idi. Ona görə də bizim ölkəmizə olan diqqət və maraq özünü artıq ilk dəqiqələrdən göstərməyə başladı. İlkin nəticələr zamanı bir daha aydın oldu ki, İlham Əliyevin reytinqi və aldığı səs digər namizədlərdən xeyli öndədir. Təbii, namizədlərin bir çoxu fərqində idi ki, Xankəndiyə Azərbaycan bayrağını sancan, çətin geopolitik situasiyada bu qədər tarixi qələbələr qazanan İlham Əliyevlə rəqabət aparmaq çətin bir məsələdir. Ancaq hər halda seçkidəki demokratiyadan istifadə edən bütün namizədlər və onların səlahiyyətli nümayəndələri cəmiyyətlə daha geniş təmasa keçdilər. O cümlədən, ideyalarını ictimaiyyətə təqdim etdilər. Azərbaycan regional baxımdan çox vacib ölkə olduğu üçün belə yüksək diqqət göstərildi. Çin kimi böyük ölkənin dövlət başçısı gecə saatlarında ölkə başçısını təbrik etdi. O cümlədən, digər qonşu və regional ölkələrin başçıları təbrik etdilər. Həm coğrafi konturlar baxımından, həm də geostrateji mövqe baxımından ölkəmizin çox yaxşı mövqeləri var. Bu mövqelər də region ölkələri tərəfindən daim dəyərləndirilir”.
Vidadi ORDAHALLI