"Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir" - İşçi qrupun əməkdaşı
1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olduğunu etiraf edən Raşid Beqlaryan barəsində istintaq olunan cinayət işi çərçivəsində qətlə yetirilən azərbaycanlıların öldürüldüyü və basdırıldığı yer barəsində məlumat verib.
Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Zaur İsmayılov bu gün Əsgəranda jurnalistlərə açıqlamasında deyib.
"Raşid Beqlaryan bildirib ki, Xocalıda Ağdama doğru hərəkət edən dinc sakinlər Əsgəran qalası yaxınlığında qətlə yetirilib və bu ərazidə basdırılıb. Bununla əlaqədar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ötən ilin oktyabr-noyabr aylarında başladılan axtarış-qazıntı işləri əlverişsiz hava şəraitinə görə dayandırılıb.
Bu ilin fevral ayından etibarən qazıntı işləri davam etdirilir. Nəticədə ərazidə Xocalı sakinlərinə aid olduğu ehtimal edilən məzarlıq tapılıb. Burada azı 8 nəfərin nəşinin qalıqları aşkar olunub. Bundan sonra da davam etdiriləcək axtarış işləri çərçivəsində bu rəqəmin artacağı istisna olunmur", - deyə Z.İsmayılov əlavə edib.
Qeyd edək ki, bu gün sözgedən əraziyə ictimaiyyət nümayəndələri, yerli və xarici media mənsubları dəvət olunub.
Xatırladaq ki, ötən ilin avqust ayında Şuşada, iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib. İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.