Azərbaycanda keçirilən prezident seçkiləri Türkiyə mediasında geniş işıqlandırılıb
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Türkiyə mediasında geniş işıqlandırılıb.Türkiyənin “Beyaz Qəzet” media qurumunun “Azərbaycan Prezidenti Əliyev işğaldan azad edilmiş Xankəndidə səs verib” sərlövhəli yazısında Qarabağda 30 ildən sonra ilk dəfə seçki məntəqələrinin qurulduğu vurğulanıb.
Məqalədə bildirilib ki, Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda təxminən 30 ildən sonra ilk dəfə seçki məntəqələri yaradıb. Qarabağın mədəniyyət paytaxtı Şuşa, həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə yaradılmış 26 seçki məntəqəsində 23 mindən çox seçici səs verib. “Son dəqiqə.com” saytı seçkilərlə bağlı yazısını “Azərbaycan Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə Xankəndidə səs verib” sərlövhəsi ilə yayımlayıb.
Azərbaycanda keçirilən seçkilərlə bağlı görülən təhlükəsizlik tədbirlərinə diqqət çəkilən məqalədə, həmçinin deyilir: “Görülən təhlükəsizlik tədbirləri çərçivəsində 125 seçki dairəsində yaradılan məntəqələrdə xüsusi veb-kameralar quraşdırılıb. Səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb və növbədənkənar seçkinin ilkin nəticələri yaxın vaxtlarda açıqlanacaq. Azərbaycan Mərkəzi Seçki Komissiyası nəticələri 10 gün ərzində Konstitusiya Məhkəməsinə təqdim edəcək və nəticələr təsdiqləndikdən sonra Prezident rəsmən elan olunacaq”.
Anadolu Agentliyi seçki ilə bağlı analitik yazı da daxil olmaqla, bir neçə informasiya yayımlayıb. Agentliyin “Azərbaycanın suverenliyinin elanı: Qarabağda seçki məntəqələri qurulur”, “Azərbaycanda işğaldan azad edilmiş Füzulidə xalq prezident seçkilərinə maraq göstərir” kimi yazılarında seçkilərdəki seçici fəallığı və işğaldan azad edilən ərazilərdə məntəqələrin qurulması xüsusi vurğulanıb.
Bildirilib ki, Qarabağın ürəyi Şuşada, vaxtilə separatçı ermənilərin “paytaxt”ı hesab edilən Xankəndidə və digər rayonlarda seçicilər səs vermək üçün məntəqələrə axın ediblər. Yazılarda seçicilərin müsahibələrinə də yer verilib.
Agentlik seçkilərlə bağlı xüsusi infoqrafika da hazırlayıb.
“TRT” də seçkilərlə bağlı bir neçə xəbər yayımlayıb. Yazılarda Prezident İlham Əliyevin Xankəndidə səs verməsi, işğaldan azad edilən ərazilərimizdə həmvətənlərimizin seçkilərdə ruh yüksəkliyi ilə və fəal şəkildə iştirakları xüsusi vurğulanıb. Xarici ölkələrdə qurulan seçki məntəqələrinə də toxunulan məqalələrdə bildirilib ki, xaricdə yaşayan Azərbaycan vətəndaşları 37 ölkədə yaradılmış 49 seçki məntəqəsində səs veriblər.
Mətləb Salahov