Bəzi dünya qüvvələri 7 fevrala qarşı hansı təxribatlara əl at(ma)dılar?..
Arzuman Abdulkərimov: “Azərbaycanın ötən onilliklər ərzində edilən təzyiqlərə mərdliklə sinə gərməsi həmin siyasi texnologiyanın köhnəldiyini sübut etdi”
Bəzi beynəlxalq dairələr növbədənkənar prezident seçkilərini ən müxtəlif aspektlərdən qaralamağa çalışdılar. Ancaq biz bütün seçki prosesi boyunca olan mərhələlərdə tam fərqli mənzərənin şahidi olduq.
Söhbət namizədlərin irəli sürülməsi, namizəd olmaq üçün lazım olan sayda səslərin toplanması, təbliğat mərhələlərindən gedir. Bütün bu prosedurlar seçkini qaralamaq istəyənlərin əlinə hər hansı bir əsası verdimi? Onlar cəmiyyətin seçki fəallığını, prosesə inamını sarsıda bildilərmi?
Müstəqil siyasətçi Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev tərəfindən 7 fevral 2024-cü il tarixə elan edilmiş növbədənkənar seçkilər ölkəmizin qarşısında yaranmış yeni çağırışlara cavab idi:
“Azərbaycan Respublikasında aparılan islahatlar, ictimai-siyasi proseslərin gedişatı, demokratik ab-havanın mövcudluğu, seçkiöncəsi əlverişli mühitin olmasını nəzərə alan alternativ siyasətçilər də bu seçkilərdə iştirakı məqbul saydılar. Təbiidir ki, Azərbaycana qarşı təzyiq yolunu tutan bəzi ölkələr və beynəlxalq təşkilatlar prosesi gözdən salmaq, təxribatlar yaratmaq yolunu tutdular ki, seçkiyə inam sarsılsın və marafon baş tutmasın. Bu köhnəlmiş taktikadır. Tənqid edək, təzyiq göstərək, qorxuya salaq, bundan sonra nəyi istəsək qəbul edəcəklər! Bu, uzun illər sınaqdan çıxarılmış siyasi texnologiya idi. Ancaq daha o zamanlar keçdi. Azərbaycanın ötən onilliklər ərzində edilən təzyiqlərə mərdliklə sinə gərməsi həmin siyasi texnologiyanın köhnəldiyini sübut etdi. Odur ki, Qərbdəki ermənipərəst dairələr köhnəlmiş siyasi texnologiyadan birdəfəlik əl çəkməlidirlər. Onsuz da heç nə alınmayacaq. Bunun son nəticəsini biz seçkilərlə bağlı prosesdə gördük. Əlbəttə ki, Azərbaycanın bu uğurunu, seçkilərin əhəmiyyətini, geosiyasi miqyasa təsirlərini hər zaman olduğu kimi həzm edə bilməyənlər var. Bağlı olduqları mərkəzlərdən təlimatlar alaraq hərəkətə keçənlər ictimai rəyi çaşdırmağa çalışırlar.
Seçkilərin xalqımızın həyatında, ölkəmizin gələcək inkişafında mühüm rol oynayacağına inanıram və bu ümumxalq tədbirinin ölkəmiz üçün xeyirli olmasını arzulayıram".
Məhəmmədəli QƏRİBLİ