Hamı dollar axtarır, banklar isə satmır - nə baş verir?..
Kamran Məmmədli: “Bəzi banklar bilərəkdən dollarla bağlı süni ajiotaj yaradır”
Məlum olduğu kimi, son günlər bəzi bank və valyutadəyişmə məntəqələri buraxılış ili köhnə dollar əskinaslarını qəbul etmir. Bununla yanaşı, paytaxt sakinləri valyuta alışında da eyni problemin yarandığını bildirir.
Bu mövzu ilə bağlı sosial şəbəkədə narazılıqların sayı artır. Qeyd edilir ki, banklar vətəndaşlara “dollar yoxdur” adı ilə valyuta satmaqdan imtina edirlər. Bankların dollar satmaması insanlar arasında təşvişə səbəb olur. Iddia olunur ki, qollar qıtlığının yaranması devalvasiya ilə bağlı ola bilər.
Maraqlıdır, dollar ajiotajının səbəbi nədir?
“Manat üzən məzənnə rejimində fəaliyyət göstərən valyuta deyil, Azərbaycanda inzibati məzənnə rejimidir, bu səbəbdən də...”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, təzə və ya köhnə dollar arasında heç bir fərq yoxdur: “Son vaxtlar Azərbaycanda belə bir fikir formalaşıb ki, guya köhnə və təzə dollar olur. Banklar üçün dolların təzə və ya köhnə olmasının heç bir fərqi yoxdur. Vətəndaşlar bu cür şayiələrə inanıb banklardan köhnə dollarları almırlar və təzə dollar tələb edirlər. Bu cür əsassız şaiyələrdən bəzi pul mübadiləsi məntəqələri istifadə edir və köhnə dollarları aşağı məzənnə ilə manata çevirir”.
Həmsöhbətimiz hesab edir ki, bəzi banklar bilərəkdən dollarla bağlı süni ajiotaj yaradır: “Hazırda məzənnə dəyişikliyi gözlənilmir. Son günlər belə bir fikir yayılıb ki, guya dollar 3 manat olacaq. Ancaq bu fikir əsassızdır. Məlumdur ki, manat üzən məzənnə rejimində fəaliyyət göstərən valyuta deyil. Azərbaycanda inzibati məzənnə rejimidir. Bu səbəbdən də il ərzində ölkədə məzənnə dəyişikliyi gözlənilmir”.
Ekspert onu da əlavə etdi ki, dollara təlabatın artması mövsumi amillərlə bağlıdır: “Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil”.
Günel CƏLİLOVA